2022-ci ildə ABŞ-da marixuana istehlakı ilk dəfə olaraq spirt istehlakını üstələyib. Bu statistika 40 ildən çox məlumatın toplanması nəticəsində məlum olub.
Herbiand.az bildirir ki, bu barədə Amerika Karnegi-Mellon Universitetinin professoru Conatan Kolkinsin tədqiqatının nəticələrinə istinadən Associated Press agentliyi məlumat yayıb.
Ekspert 1979-2022-ci illərdə ABŞ sakinləri arasında 1,6 milyondan çox insanın iştirak etdiyi 27 milli sorğunun məlumatlarını sistemləşdirib. Nəticələr 2022-ci ildə 17,7 milyon amerikalının gündəlik və ya demək olar ki, hər gün marixuanadan istifadə etdiyini, 14,7 milyon insanın isə eyni tezlikdə spirt istifadə etdiyini ortaya qoyub. Bildirilir ki, bu cür dinamika məlumatların toplanmasına başlanandan 40 il sonra ilk dəfə müşahidə olunur. Agentlik bunu marixuananın ABŞ-ın əksər ştatlarında istifadə üçün əlçatan olması ilə əlaqələndirir.
ABŞ-da marixuananın istifadəsi federal səviyyədə qadağandır. Lakin müxtəlif ştatlar bu sahədə qanunvericiliyi müstəqil şəkildə tənzimləyə bilər. Bir sıra ştatlarda və Kolumbiya dairəsində marixuananın istirahət məqsədilə istifadəsi qanuniləşdirilib. 30-dan çox ştat tibbi məqsədlər üçün marixuananı satmağı cinayət hesab etmir.
Bəxtiyar CƏFƏRLİ