Azərbaycançılıq ideologiyası qədim dövrlərdən başalayaraq, bu günədək Azərbaycan xalqının milli-mənəvi dəyərləriniŞ adət-ənənələrini özündə cəmləşdirib. Ulu öndər Heydər əliyev azərbaycançılıq ideologiyasının mahiyyətini açıqlayarkən: “Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, yüksək əxlaqi şəxsiyyət kimi formaıaşdırılmasıbu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifə” 0lduğunu söyləmişdir.
YAP Yasamal rayon təşkilatının fəal üzvü Masil Dəmirov bildirdi ki, azərbaycançılıq məfkurəsi - milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə xidmət edən, hüquqi və demokratik dövlət kimi onun inkişafı və milli təhlükəsizliyini təmin edən dəyərlər sistemidir:
“Ümummilli Lider Heydər Əliyevin çoxsaylı tarixi xidmətlərindən biri olan və müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi azərbaycançılıq məfkurəsi, ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gücləndirilir.
Birmənalı şəkildə demək olar ki, Azərbaycanda dövlət və ictimai maraqların vəhdətinin əsasının müəllifi Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təşkil edir. Ulu Öndər xalqımızın bütövlüyünü qorumaqla, bu sahəyə böyük töhfələr verib. Ümummilli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan üçün çox böyük işlər görüb. Müstəqil Azərbaycana öz tarixinin ən çətin dövründə xalqın tələbi ilə rəhbərlik edən dahi lider Heydər Əliyev, Respublikanı təhdid edən bəla və müsibətlərin aradan qaldırılması üçün böyük səylər göstərmişdir. Ümummilli Liderin sayəsində Azərbaycan, tarixinin çətin dövründə vətəndaş müharibəsindən, parçalanmaqdan, dünya xəritəsindən yox olmaq təhlükəsindən qaçdı, onun sayəsində ölkə öz dövlətçiliyini qoruyub saxladı, inkişaf və əsl müstəqillik yoluna qədəm qoydu. Azərbaycanda qanunsuz silahlı birləşmələrin cilovsuz fəaliyyətinin qarşısı alındı, ilk parlament seçkiləri və konstitusiya referendumu keçirildi. Atəşkəs əldə olundu, Qarabağ nizamlanması üzrə danışıqlara başlandı”.
Masil Dəmirov qeyd etdi ki, Azərbaycanın inkişafının konseptual əsaslarını qoyan Heydər Əliyevin səyləri ilə, Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı və möhkəmləndi, təhlükəsizlik təmin edildi, güclü ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmaqla, iqtisadi firavanlıq başladı:
“Müdrik dövlət xadimi azərbaycançılıq ideologiyasının əsasına, ilk olaraq, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti qoyurdu. Ümummilli Lider tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası milli birliyimizi təmin edən və gücləndirən strateji amildir. Heydər Əliyev hər zaman xalqın mənafeyindən çıxış etmiş, azərbaycançılıq ideologiyasının sistemə çevrilməsi məsələsində milli-mənəvi dəyərlərin, milli ruhun qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdır. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunu gücləndirdi, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının mütəşəkkilliyini və fəallığını artırdı. Bu, ölkənin ictimai-siyasi həyatında yeni hərəkat, dövlət siyasətinin yeni istiqaməti idi. Həmin qurultayda Ulu Öndər fəxrlə demişdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” və bu sözlər tariximizə əbədi olaraq daxil olub”.
Ümummilli Liderin fərmanı ilə yaradılan “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” və həmin il qəbul edilən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun” dünya azərbaycanlılarının həmrəy olması və təşkilatlanması prosesinin gücləndirilməsində mühüm əhəmiyyət daşıdı. Masil Dəmirov deryir ki, müdrik dövlət xadimi azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin birliyini və bütövlüyünü yaratdı.
Masil Dəmirov həmçinin müstəqillik illərində Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə, sosial yönümlü daxili siyasətin ölkəmizi bütün dünyada böyük hörmətə malik müasir sabit dövlətə çevirdiyini diqqətə çatdırdı:
“Xalqın uzunmüddətli mənafeyinin qayğısına qalan Ümummilli Lider gələcəyə inamını bərpa edərək, ölkənin sürətli inkişafı, dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Bütün bunlar ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində aparılan geniş islahatlar sayəsində mümkün olub.
Ulu Öndər uzaqgörən və müdrik siyasəti sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin müstəqilliyin qurulmasına və xalqımızın arzusunun gerçəkləşməsinə nail olmuşdur. Azərbaycan Respublikasının Ali Baş Komandanın başçılığı ilə, 44 günlük Vətən Müharibəsində Böyük Qələbəmiz nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi və birliyi daha da möhkəmləndi. Bu gün xalqın, dövlətin, ordunun birliyi sayəsində torpaqlarımız erməni işğalından azad edilib. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vahid Vətən görmək arzusu gerçəkləşdi. Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal olmaqla, respublikamızla əlaqələrin genişlənməsində böyük rol oynayırlar. Soydaşlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısını almaq əzmindədirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində, qardaş və dost xalqların lobbiləri və diasporları ilə səmərəli əməkdaşlığın qurulması, Azərbaycanın, xalqımızın tarixinin yazılması və nəsildən-nəslə ötürülməsi istiqamətində səmərəli tədbirlər həyata keçirirlər. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli mənsubiyyətinin qorunması, assimilyasiyaya uğramasının qarşısının alınması məsələlərini diqqət mərkəzində saxlayır”.
Azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq hər birimiz buna uyğun əməli fəaliyyət sərgiləməliyik.
Elnurə İSAXAN