Advertisment

Şəhid Elvin Bayramovun mövludu qeyd olundu

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu (ARBƏDF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 08.07.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin fəaliyyət planına əsasən, dövlət, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və müharibə veteranlarının iştirakı ilə Vətən müharibəsinin şəhidi Bayramov Elvin İslam oğlunun mövlud günü ilə əlaqədar məclis təşkil olunaraq şəhidin ailəsinə mənəvi dəstək verildi. Öncə Biləcəridəki Şəhidlər Xiyabanında şəhid Elvin Bayramovun məzarı ziyarət edildi. Adına yasin oxunaraq ruhuna dualar edildi. Şəhidin anası Dürrə Bayramovaya, şəhidin atası İslam Bayramova və ziyarətdə iştirak edən 13 şəhid ailələrinə böyük ehtiramla baş sağlığı verilərək onlara səbir diləndi.

Daha sonra Elvin Bayramovun Biləcəri qəsəbəsində böyüyüb boya-başa çatdığı ata yurdunda şəhidimizin mövlud günü ilə əlaqədar ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, müharibə veteranlarının və yaxınlarının iştirakı ilə məclis keçirildi.

Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi yad edildi, Dövlət Himnimiz səsləndirildi.

ARBƏDF-nun prezidenti, Əfqanstan və Qarabağ müharibəsi veteranı, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihə haqqında məlumat verdi. Bildirdi ki, Qarabağda və Vətən müharibəsində Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğlunu şəhid vermiş ailələrimiz vardır. Şəhid Elvin Bayramovun ailəsi də onlar arasındadır.

Elvin Bayramov ailənin yeganə oğul övladı idi. Qəhrəmanımız Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində cəsur döyüşçü kimi torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda savaşıb. 2020-ci il oktyabrın 26-da Füzulinin azad olunmasında qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Elvin Bayramov Füzuli rayonunun azad olunmasında göstərdiyi igidliklərə görə “Vətənə uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. Bu gün onun yaşlı atası və anası qədir bilən xalqımza əmanət qalıb.

Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.  Bu məqsədlədə ARBƏDF-nun Himayəçilik Şurasının üzvlərinin təşəbbüsləri ilə ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin mövlud və anım məclisləri təşkil edilib, şəhid ailələrinə mənəvi dəstək göstərilərək onlara həmrəylik nümayiş edirilib.

ARBƏDF-nun birinci vitse-prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev, ARBƏDF-nun Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Əliyev, Qaradağ rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik–leytenant İlham Baxışov, Zəngilan rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan mayor Ənvər Qarayev, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Rasim İskəndərli çxış etdilər. Bildirdilər ki, canlarını vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcək.

Çıxış edənlər şəhidlərimizin mövlud və anım məclislərini, şəhid Elvin Bayramovun Mövlud məclisini nümunə göstərərək, həmrəylik nümayiş etdirib şəhidin ailə üzvüləri, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə keçirilməsini tədqirəlayiq hesab etdilər.

Şəhid Elvin Bayramovun atası İslam Bayramov, şəhidin anası Dürrə Bayramova və məclisdə iştirak edən şəhid ailələri, müharibə veteranları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Şəhid ailələrinə mənəvi dəstək və diqqət-qayğı göstərərək nümunə kimi həyata keçirilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və ARBƏDF-nun kollektivinə təşəkkür etdilər.

Daha sonra şəhid Elvin Bayramovun anası Bayramova Dürrə Şəmistan qızı nümunəvi şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşərək canını canını fəda edib şəhidlik zirvəsinə ucalan qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edildi. “Xeyirxah və mərhəmətə görə” medalı və fəxri fərmanla təltif olundu. Şəhid Elvin Bayramovun atası İslam Bayramov şəhid atası kimi ARBƏDF-nun Fəxri üzvü adına layiq görüldü.

Məclisdə həmçinin, layihənin hüquqşünası, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova şəhidin ailəsini və müharibə veteranlarını maraqlandıran tibbi–sosial məsələlər haqqında çıxış edərək onlara ətraflı məlumat verildi. Məclisin sonunda şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə Əhli-Beyit (Ə) şairi Yadigar Cəfərov şəhid Elvin Bayramovun adına yazdığı şeir və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdi.

Sonda məclis iştirakçılarına şəhid Elvin Bayramovun mövlud ehsanı verildi. Ev muzeyi ziyarət edilərək xatirə şəkilləri çəkildi.