Advertisment

"Paşinyanın bütün mətbuata bu cür qadağanı qoyması mümkün deyil" - BMDAM sədri

44 günlük Vətən müharibəsindən sonra Ermənistan mətbuatında Qarabağla bağlı məlumatlarda ermənilər yenə öz “simalarını” göstərirlər. Azərbaycan dövləti tərəfindən Şuşa, Xankəndi və digər yerlərdə təbdirlər keçirilən zaman erməni mətbuatı yazır ki, “işğal olunmuş Şuşidə və ya işğal olunmuş Stepanakertdə təbdirlər keçirilir”, yaxud “Azərbaycan işğal olunmuş ərazilərdə tikinti işləri aparır” və s. 

Ermənistan baş naziri Nikol Paşinyan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını dəfələrlə bildirib. Ermənistana qaçan separatçıların İrəvanda fəaliyyət göstərməsinə, aksiyalar keçirilməsinə icazə verilmir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların getdiyi vaxtda nəyə görə, Paşinyan bu kimi yazılara qadağa qoymur? Onun buna gücü çatmır, yoxsa sadəcə olaraq qarşısını almaq istəmir?

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov Herbiand.az-a bildirib ki, bəli, Ermənistan mətbuatında son vaxtlar, xüsusilə də bu səpkidə yazılar çıxmaqdadır:

"Amma, məsələ burasındadır ki, Nikol Paşinyan istəsə belə tam olaraq bütün mətbuata bu cür qadağanı qoyması mümkün deyil. Çünki bəzi media orqanları var ki, Paşinyan administrasiyasının nəzarətində deyil, yəni müxalifyönlüdür. Yaxud, separatçıların əlində olan mediadır və xüsuslə də, xaricdən maliyyələşir. Hətta, Paşinyan buna çalışsa belə, onlara himayədarlıq edən güclər hakimiyyətə təsir etməyə başlayacaqlar. Yəni, bu elə də asan məsələ deyil. Amma hər vəziyyətdə Azərbaycan Ermənistanla sülh danışıqları prosesini davam etdirməkdə maraqlıdır. Əlbəttə, hətta sülh müqaviləsi imzalansa belə oradakı separatçıların qalıqları, ultramillətçilər və Azərbaycanın Qarabağı nəzarətə götürməsinə razı olmayan digər kəsimlər yenə də bu əməllərini davam etdirəcəklər. Sülh müqaviləsi imzalansa belə təfəkkür onlarda uzun illər dəyişəsi deyil".

Siyasi ekspert düşünür ki, biz daha çox Paşinyanın sülh müqaviləsini imzalamasına köklənməliyik:

"Amma, sülh müqaviləsinin altını bərkitmək lazımdır. Onun üçün Azərbaycanın qoyduğu tələblər həll edilməlidir. Yəqin ki, sülh müqaviləsi imzalanandan sonra bu cür yanaşmalar olduğu təqdirdə Paşinyan artıq bunu bir dövlətin daxilindən başqa dövlətə təzyiq kimi qiymətləndirib hətta müxtəlif formada qadağa qoya bilər. İndi bu məsələnin üstünə çox gedəndə Paşinyanı ölkənin mənafeyini satmaqda günahlandırırlar. Ona görə görünür, bir az bundan ehtiyat edir. Amma Paşinyanın özünün komandasının işərisindən bu işdə maraqlı olanlar ola bilər. Çünki bundan Azərbaycana qarşı danışıqlarda ona təzyiq etmək üçün istifadə edə bilərlər. Böyük ehtimalla bu, yuxarıda dediklərimdən əlavə həm də revanşistlərin marağından keçən məsələdir".

Bəxtiyar CƏFƏRLİ