Advertisment

"Azərbaycan Zəngəzur dəhlizini nəzarətə götürməli və bufer zona yaratmalıdır" - Politoloq

Son zamanlar Ermənistan sürətlə silahlanmağa başlayıb. Bundan cəsarətlənərək son bir ildə Azərbaycanla sərhəddə təxribatlara əl atıb. Sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı məsələdə də hələ qeyri-müəyyənlik var. Bütün bunları nəzərə alaraq Azərbaycan dövləti Ermənistanı cəzalandırmaq üçün Zəngəzur dəhlizini nəzarətə götürə bilərmi? Belə olan halda, bu, digər ölkəyə hücum kimi qiymətləndiriləcək və ABŞ-ın, Qərb dövlətlərinin Azərbaycana təpkisi necə ola bilər?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Herbiand.az-a bildirib ki, əgər Ermənistan tərəfi sülh müqaviləsindən uzaqlaşırsa, yeni silahlar alırsa və bu silahların Azərbaycana qarşı tətbiqi reallaşırsa, onları sərhəd xəttində yerləşdirirsə, əlbəttə Azərbaycan öz müdafiəsini gücləndirmək, düşməni zərərsizləşdirmək üçün mümkün addımlar atmalıdır:

"Bir ölkənin ərazi bütövlüyünə, təhlükəsizliyinə qonşu dövlətdən qəsd olarsa, həmin dövlət özünü müdafiə etmək hüququna malikdir. Bu, BMT-nin nizamnaməsinin 51-ci maddəsində də qeyd olunub. Əgər Avropa, ABŞ və digər ölkələr Ermənistanı sülhə sövq etmirlərsə, onu silahlandırırsa, Azərbaycana qarşı hərbi təxribatlara sövq edirsə və təlimlər keçirsə Azərbaycan nə etməlidir. Əlbəttə, Azərbaycan Ermənistanın Zəngəzur dəhlizini nəzarətə götürməli və bufer zona yaratmalıdır. Bu, Azərbaycanın təbii hüququdur".

Məhəmməd Əsədullazadə qeyd edib ki, əlbəttə Azərbaycana təpkilər ola bilər:

"İkinci Qarabağ müharibəsində də təpkilər oldu. Onlar bu təpkiləri Azərbaycanın təcavüzü kimi deyirlərsə, bəs Ermənistan Azərbaycana hücum etsə necə olacaq? Yəni, bu kimi məsələlər var. Hesab edirəm ki, Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və dövlət sərhəddinin müdafiəsini gücləndirmək üçün istənilən varianta əl ata bilər".

Bəxtiyar CƏFƏRLİ