Ədilin ölüm xəbəri yaman ağır oldu.
Heç gözləməzdim, heç bu tezliklə onun yoxluğunu yaşayacağımızı güman etməzdim.
Dünəndən donub qalmışam. Kimə və necə təskinlik verim... Bəlkə kimsə mənə təskinlik verməlidir?
Beş il bir otaqda oturduq, bir redaksiyada işlədik... Doğrudur, tanışlığımız bundan çox qabaq idi. Demək olar ki, mən jurnalistikaya gələndən. Bu da mənim şakərimdi. Yaxşıları axtarıb tapmaq, onlardan nəyisə əxz eləmək. Ondan da çox şeyi əxz elədim.
Amma indi baxıram ki, onunla heç bir dənə şəklimiz də yoxdu. Ədil də mənim kimi şəkilə həvəsli deyildi. O, hadisəni göstərməyə can atırdı. Özünü yox.
Hamı onun Kəlbəcərdən hazırladığı son reportajı yada salır. Amma Qubadlının da, Füzulinin də son günlərini məhz o çəkmişdi. Ədil.
Kəlbəcər demişkən...
Kəlbəcər süjetini mərhum operator Fikrət Qafarovla birgə çəkmişdilər. Çox yerə birgə gedərdilər. Fikrətlə qəribə bir bağlılığı vardı.
Mən AzTV-dən ayrılandan sonra Ədillə təsadüfən rastlaşdıq. Mənə Fikrətdən danışdı. Həmin vaxt Fikrəti, müharibəni çəkən operator Fikrəti işıqçı sexinə keçirmişdilər. Yəni ki, sən artıq çəkə bilmirsən...
Buna çox təəssüflənirdi, çox əsəbiləşirdi.
Bəlkə də əsəbiləşirdi ki, onu da belə bir tale gözləyə bilər. Bəlkə də belə düşünməkdə haqlı idi.
Məgər haqlı deyildi?
Bu gün onun haqqında dostları, həmkarları yazır. Axı sağlığında qiymət verilməliydi ona.
Ona görə yox ki, Ədil Ədil idi. Ona görə ki, Ədil Qarabağ müharibəsinin canlı tarixlərindən biri idi. Onun arxivini araşdırmaq, onun gördükləri, çəkdikləri barədə tədqiqatlar aparmaq lazım idi.
Bu, Ədilə yox, bizə lazım idi. Amma açığını deyim ki, bu, çoxlarına da ağır zərbə ola bilərdi...
Qarabağ müharibəsi ilə bağlı nəyisə araşdıran zaman müraciət etdiyim ən səhih 2-3 mənbədən biri məhz Ədil idi. Onun dediyi faktın möhürlü təsdiqi idi mənim üçün.
İndi Ədil yoxdu. Bəli, bəli... Gəlin bu acını olduğu kimi adlandıraq. Ədil artıq yoxdur. Onun arxivi də yoxdur. Onun bildiyi tarixi faktlar da yoxdur...
Yaddaşlarda isə boğazından yaralanan, güzgü eynəkli, cüssəli bir oğlan var - Sadəcə Ədil!
Asəf Quliyev