Şirvan şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin rəhbərlərinin, şəhid ailələrinin, müharibə veteranlarının, din xadimləri və ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycan Xususi Təyinatlı Qüvvələrinin qəhrəman şəhidi Tağıyev Əli Azad oğlunun Mövlud-Anım günü ilə əlaqədar möhtəşəm tədbir keçirilərək şəhidin ailəsinə mənəvi dəstək verildi.
Herbiand.az xəbər verir ki, öncə Şirvan şəhər Şəhidlər Xiyabanında yerləşən Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhadətə ucalan şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib. Sonra 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət olunub. Şəhidin məzarı önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, vətənin müdafiəsi üçün belə qəhrəman, cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür edib, onlara Allahdan səbir diləyib. Daha sonra İlqar Abbasov ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğını diqqətə çatdırıb. Qeyd edib ki, respublikanın hər yerində olduğu kimi Şirvan şəhərində də şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək hörmət və ehtiramla davam etdirilir. İlqar Abbasov çıxışında bildirib ki, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşərək, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir.
ARBƏDF-nun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov qeyd etdi ki, Vətən müharibəsində 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, Azərbaycan Respublikasının dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğlunu şəhid vermiş ailələrimiz vardır. Bu gün bu ailələr dövlətimizə və qədir bilən xalqımza şəhidlərimizin əmanətidir.
Ulu öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, müvafiq Fərman və Sərəncamlar imzalanmışdır.
Bu gün də bu təbəqəyə diqqət və qayğı ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif fərman və sərancamlar verilərək davam etdirilir.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara öz doğmalarımız kimi diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Bu məqsədlə də, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsini həyata keçirərək, şəhid ailələrinə mənəvi, hüquqi və psixoloji xidmət göstərir.
Sərraf Orucov çıxışının sonunda şəhid ailələrinə və tədbir iştirakçılarına bildirdi ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”.
Tədbirdə iştirak edən, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Rəhim Hüseynov, Ehtiyatda olan polkovniklər Valeh Nəcəfov, Rasim İskəndərli, İlham Baxışlı, Teymur Əliyev çıxış edərək Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə, şəhidlərimizin mövlud və anım məclislərinin birgə keçiriməsini yüksək qiymətləndirərək icra başçısı İlqar Abbasova öz təşəkkürlərini bildirdilər.
Daha sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və ARBƏDF-nun təşkilatçılığı, Əli Tağıyevin anım günü ilə əlaqədar 150 nəfərlik mövlud ehsan süfrəsi təşkil edildi. Qəhrəman şəhid Əli Tağıyevin keçdiyi döyüş yolundan danışıldı.
Şəhid Əli Tağıyevin anası Zöhrə Tağıyevaya nümunəvi şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşərək canını qurban verib şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edildi. “Xeyirxaq və mərhəmətə görə”- medalı ilə və fəxri fərmanla təltif edildı.
Şəhidin atası Azad Tağıyev isə şəhid atası, Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılanması istiqamətində etdiyi xidmətlərinə və şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət-qayğıya görə, ARBƏDF-nun fəxri üzvü vəsiqəsi təqdim edildi.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhərində şəhid ailələri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələri arasında keçirilmiş sosioloji-sorğular nəticəsində xeyirxah əməli xidmətləri və Şirvan şəhər Şəhidlər Kompleksində aparılmış abadlıq işlərinə, xususən də Ana heykəlinin möhtəşəm yerə köçürülərək bərpa etdiyinə, nümunəvi icra başçısı kimi Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsində gördüyü işlərə və şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət-qayğıya görə “Xeyirxah və mərhəmətə görə”- medalı və fəxri fərmanla təltif edilərək, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların yaxın dostu adına layiq görüldü.
Məclisdə həmçinin, şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət-qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Ramil Əhmədov, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin direktoru Əfqan Həsənov, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Cingiz Vahib oğlu Əhmədov, “Karasu Əməliyyat Şirkətinin” Həmkarlar İttifaqı Komitəsinin sədri İlkin Nuraliyev fəxri fərmanla təltif edildı. Şəhid Fəxrəddin Əhmədovun anası Pəri Əhmədova “Xeyirxah və mərhəmətli Ana” ödülü təqdim edildi.
Şəhid Əli Tağıyevin atası Azad Tağıyev çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova minnətdarlığını bildirdi. Həmçinin “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin direktoru Əfqan Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Ramil Əhmədova, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivinə və ARBƏDF-nun prezidenti Sərraf Orucova öz təşəkkürünü bildirdi.
“Zəfər Yolu” müharibə iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri, ARBƏDF-nun humanitar və sosial məsələlər üzrə vitse-prezidenti, şairə Pərvanə Salman qızı şəhid Əli Tağıyevin xatirəsinə və Zəfər qələbəsinə həsr etdiyi şeirləri səsləndirdi.
Daha sonra Əli Tağıyevin böyüyüb boya-başa çatdığı ocaqda, şəhidimizin mövlud günü ilə əlaqədar ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, müharibə veteranlarının iştirakı ilə mövlud anım məclisi keçirildi.
Məclisdə layihənin hüquqşunası, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova tərəfindən şəhidin ailəsini və müharibə veteranlarını maraqlandıran tibbi–sosial məsələlər barədə ətraflı məlumat verildi.
Sonda qonaqlara şəhid Əli Tağıyevin mövlud ehsanı verildi, onun ev muzeyi ziyarət edilərək xatirə şəkilləri çəkildi.