Advertisment

“Ermənistan ona görə təxribatlar edir ki, arxasında real qüvvəni hiss etməyə başlayıb” - Hərbi ekspert

İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində, iyulun 28-də saat 17:40 radələrində isə Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstəriblər. Hər iki halda bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatlarının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov Herbiand.az-a bildirib ki, Ermənilərin bu təxribatları gözlənilən idi:

“Mən hər zaman demişəm ki, biz döyüş qələbəsi qazanmışıq, müharibə isə davam edir. Biz sərhəddimizdə anormal dövlət taleyi yaşayırıq. Bu təxribatlar hələ başlanğıcdır. Mən çox ciddi olaraq deyirəm ki, reallıq tamam başqadır. İnsanlara bunu demək lazımdır. Biz hələ də müharibə astanasındayıq. Çünki yaxın günlərdə İranın özünün bir sıra müxalif KİV-lərdən belə məlumatlar sızdırıldı ki, yenidən Ermənistanla 500 milyonluq silah anlaşması nəzərdə tutulub. Bu anlaşmaların içərisində Ukraynada istifadə olunan “Shahed” tipli zərbə PUA-lar, digər silah-sursatlar və avadanlıqlar var. Bundan əlavə, Qərb dövlətlərinin bir çoxunun Ermənistana yenidən hərbi diqqəti onlara “revanş etmək üçün hələ imkanlar bitməyib” fikrini verir. İnanıram və əminəm ki, Ermənistan yenidən təxribatlara əl atacaq. Baxmayaraq ki, onlara layiqli cavab veriləcək. Ancaq burda başqa nüanslar da var. Şəhid və yaralılarımız ola bilər”.

Abuzər Əbilov bir məqama toxunub:

“Ümumiyyətlə, Ermənistan niyə belə edir? Ona görə belə edir ki, artıq arxasında real qüvvəni hiss etməyə başlayıb. Həmin qüvvələr 44 günlük müharibədə hər zaman Azərbaycana təpkilər ediblər, döyüş əməliyyatlarını saxlamağa “tövsiyyələr” ediblər. Ancaq 30 il ərzində heç bir tövsiyyə verməyiblər ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etsin. Bu isə ikili siyasətdir. Hazırda Ermənistanda faktiki olaraq həm rusyönümlü, həm də qərbyönümlü qüvvələr var. Hər iki tərəfdən də hər zaman vəziyyəti alışdırmaq istəyənlər var. Həmin qüvvələrin bir çox hissəsi - kiçik olmayan rütbəli zabitlər ordudadır və kənardan gələn bir sıra tapşırıqları yerinə yetirirlər. Bu nəinki 5-ci kolon, hətta 6 və 7-ci kolondur. Ermənistanın özündə yenidən Azərbaycana hücum etmək və əraziləri ələ keçirmək istəyi var. Çünki çoxdan imzalanmalı olan sülh sazişi hər cür vasitələrlə yubadılır və müxtəlif bəhanələr gətirilir. Əzəli torpağımız olan Zəngəzur mahalı ələ keçirilənə qədər, Naxçıvanla birləşənə qədər, sərhəd xəttində ən azından 3 metr hündürlüyündə hasarlar çəkilənə və müdafiə xarakterli istehkamlar qurulana qədər Ermənistanla müharibə vəziyyətində olacağıq. Əslində Ermənistan onda da bizdən əl çəkməyəcək. Çünki burda siyasi gedişlər var. Ancaq təhlükəsizlik baxımından bunlar bizə mütləq vacibdir. Lakin hazırki dönəmdə sərhəddə münaqişlər qaçılmazdır”.

Bəxtiyar CƏFƏRLİ