Advertisment

“İsmayıl Haniyə təhlükəsizlik baxımından ən çox İranda qorunmalı idi” – Turab Rzayev

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda öldürülüb. O və mühafizəçisi qaldığı iqamətgahın vurulması nəticəsində həyatlarını itiriblər. Qeyd edək ki, İsmayıl Haniyə İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

İran Ali Milli Təhlükəsizlik Şurasının “X” hesabında yayılıb ki, “HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq”.

Siyasi şərhçi Turab Rzayev Herbiand.az-a bildirib ki, bu fakt İran üçün çox biabırçıdır:

“Çünki İran regionun lideri olmağa, dünya dövləti olmağa iddia edir. Ancaq bir müddət əvvəl İranın prezidenti müəmmalı şəkildə həlak oldu. Buna helikopter qəzası dedilər, amma bunun hərbi zərbə ilə həyata keçirilə biləcəyi ilə bağlı ortalıqda həddindən çox iddialar var. İndi İranda qonaq olan xarici hərəkatın rəhbəri qətlə yetirildi və buna cavab verə bilmirsə sadəcə olaraq artıq regiona güc kimi iddialarını geri qoymalıdır. Çünki faktiki olaraq İranın şərəfi ilə oynanıldı, suverenliyi pozuldu. İranı ciddiyə almırlar və bundan sonra qeyri-ciddi dövlət kimi tanınacaq. Necə ki, İsrail istəyəndə Suriyada əməliyyat keçirir, yaxud ABŞ Yəməndə və digər yerlərdə əməliyyat keçirir. İran da öz dövlətçiliyi üzərində suverenliyi olmayan, ciddiyəti qalmayan ölkəyə çevrilir”.

Siyasi şərhçinin sözlərinə görə, bunun qarşılığı çox təhlükəli ola bilər:

“İran gərək bunun əvəzində İsrailə qarşı çox ciddi tədbir görsün. Necə ki, daha əvvəl İranın mövqelərinə zərbənin əvəzinə İsrailə yüzlərlə dron göndərilmişdi. Amma bu, İsrailin daha da sərt cavab verməsilə vəziyyətin eskalasiyasına, regional müharibəyə səbəb ola bilər. Əgər İran bunu susqunluqla qarşılasa bütün dünyada dövlət olaraq imicinin heçə sayılması demək olacaq. Digər tərəfdən bu hadisənin baş verməsinin özü maraqlıdır. Burda çox fərqli faktorlar üst-üstə düşür. Bir tərəfdən İsrail İsmayıl Haniyəni öldürmək istəsə bu, niyə İranda baş verdi. Qətərdə Haniyənin iqamətgahı var. İsrailin də Qətərdə güclü şəbəkəsi var. Nəyə görə İsrail bu hadisəni Qətərdə həyata keçirmədi? Haniyənin bu yaxınlarda Rusiya və Çinə səfəri olmuşdu. Uzun illər əvvəl İstanbulda da səfərdə olub və orada qalıb. Niyə orda yox, məhz İranda?”

Ekspert qeyd edib ki, əslində, İsmayıl Haniyə təhlükəsizlik baxımından ən çox İranda qorunmalı idi:

“Digər tərəfdən bu günlərdə Çin Fələstinin 2 cəbhəsini – HƏMAS və FƏTH-i bir araya gətirdi. Ola bilsin bu prosesin özü Qərbi qorxuya saldı, ABŞ və İsrail bir tədbir olaraq Haniyəni ortadan götürdü. Yaxud, tam əksinə, Çin-Rusiya-İran ittifaqının özünə lazım idi ki, artıq FƏTH və HƏMAS-ın FƏTH liderliyində birləşməsi üçün Haniyə tamamilə məhv edilsin. Ümumiyyətlə, niyə İranda siyasi sui-qəsdlər həyata keçirmək bu qədər rahatdır. Çünki bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfər etdi, Kamala Harris və Donald Trampla görüşdü. Harris açıq şəkildə hərbi plandan danışdı, Fələstin və İsrail dövlətlərinin qurulacağını bildirdi. Tramp birmənalı şəkildə Netanyahuya dəstək verdi. Amma biz xatırlayırıq ki, Qasım Süleymaninin sui-qəsdində də fərqli müəmmalar olmuşdu. Süleymani İranın bütün Yaxın Şərq üzrə əməliyyatlarının koordinatoru idi. Amma onun qətlə yetirilməsi İranda ABŞ-la yaxınlaşmaq istəyən qüvvələrlə üst-üstə düşürdü. Süleymani SEPAH-ın Rusiya ilə yaxınlaşmasının tərəfdarı idi. Çox qəribə idi ki, həmin sui-qəsddə Netanyahu iştirakçılıqdan imtina etmişdi. Məhz buna görə Trampın uzun müddət Netanyahu ilə münasibətləri soyumuşdu. İndiki halda nə qədər görünsə ki, Netanyahunun Yaxın Şərqdə ən böyük düşməni Süleymani idi, həmin an o tamam fərqli davranmışdı. İndiki vaxtda da üzdə nə qədər görünsə ki, HƏMAS və İsmayıl Haniyə Netanyahunun əsas düşmənləridir, sui-qəsdin necə baş verməsi və kimlərin marağına xidmət etdiyini müəyyənləşdirmək bir müddət çox çətin olacaq”.

Bəxtiyar CƏFƏRLİ