Advertisment

“Netanyahunun son səfəri İsrailin HƏMAS-a qarşı addımlarını daha da sərtləşdirəcək” - Politoloq

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda mühafizəçisi ilə birlikdə qaldığı yerdə qətlə yetirilib. HƏMAS lideri İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfərə gəlmişdi.

Bu arada qətllə bağlı Yəməndəki husilərə yaxın mətbuat orqanları məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə icazəni ABŞ-dən alıb: “İsrail hökumətinin başçısı son səfəri zamanı onunla ABŞ hakimiyyəti arasında HƏMAS liderinin qətlə yetirilməsi ilə bağlı rəsmi razılıq əldə edib”.

ABŞ-ın İsrail-HƏMAS arasında sülhün olması üçün addımlar atdığını nəzərə alsaq, Haniyənin öldürülməsi üçün belə bir icazə verə bilərmi?

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, politoloq Vüqar Əhmədov Herbiand.az-a bildirib ki, bu vəziyyət İranla-İsrail arasında vəziyyəti daha da gərginləşdirəcək:

“Netanyahunun son səfəri İsrailin HƏMAS-a qarşı sərt addımlarını daha da sərtləşdirəcək. Amerika Birləşmiş Ştatları hər nə qədər İsrail və Fələstin arasında sülh prosesini dəstəkləsə də, əslində bu məsələdə İsrailə tam dəstəyini ifadə edir. Belə görünür ki, növbəti mərhələdə Netanyahu HƏMAS-a qarşı daha sərt addımlar atmağı planlaşdırır və bununla bağlı ABŞ-ın tam dəstəyini alıb. HƏMAS-la bağlı bu gün ABŞ və İsrailin maraqları üst-üstə düşür. Digər tərəfdən ABŞ-da indiki məqamda - seçki öncəsi başının daxili seçkilərə qarışdığı bir zamanda İsrail HƏMAS-a və İrana qarşı daha amansız planlar gerçəkləşdirə bilər. Çünki adətən, Amerikada seçki öncəsi bu ölkənin rəhbərliyi və siyasətçilərinin başı öz daxili siyasi proseslərinə qarışır”.

Ekspert qeyd edib ki, İranın İsrailə son hava hücumdan sonra Təl-Əvivin bunun qisasını alacağı gözlənilən idi:

“İranın bu gün açıq şəkildə HƏMAS və Yəməndəki Husilərə dəstək verməsi İsrailin hədəflərini daha da genişləndirilib. Baş verənlər ondan xəbər verir ki, HƏMAS-la yanaşı İran da İsrailin hədəfi ola bilər. İsrail bu məsələdə ABŞ-ın tam dəstəyini almağını düşünür. Baxmayaraq ki, bu günə kimi ABŞ İrana qarşı sərt addımlardan yana deyildi, bu situasiya son siyasi gedişlər səbəbindən dəyişib. Bəlkə də indiki məqamda Qərb və İsrail müttəfiqləri Yaxın Şərq siyasəti ilə bağlı yeni addımlar ata bilərlər”.

Bəxtiyar CƏFƏRLİ