Fransanın daxili işlər və xarici ərazilər naziri Jerald Darmanen Parisdə Olimpiada başlayandan bəri 200 hücumçunun həbs edildiyini açıqlayıb.
Herbiand.az xəbər verir ki, o, bu barədə BFMTV kanalında qeyd edib.
Nazir vurğulayıb ki, Olimpiya Oyunlarının ilk həftəsi ərzində 200 nəfər saxlanılıb, onlardan 180-i nəzarətə götürülüb: “Biz hər gün cinayət törədə biləcəyini hesab etdiyimiz şəxsləri saxlayırıq. Olimpiadanın açılışı günü də belə idi”.
Onun sözlərinə görə, ümumilikdə oyunlar zamanı cinayətlərin sayı azalıb: “Bu, daim küçələrdə çoxlu sayda polis və jandarmın olması ilə əlaqəlidir”.
Darmanen olimpiada başa çatdıqdan sonra paytaxt bölgəsində gücləndirilmiş patrul xidmətinin davam etdiriləcəyini də vurğulayıb.
Qeyd edək ki, Parisdə iyulun 26-da başlayan Olimpiya Oyunları avqustun 11-də yekunlaşacaq. Təhlükəsizliyi 45 minə yaxın polis və jandarma, həmçinin 20 minə yaxın hərbi qulluqçu təmin edir.
Bəxtiyar CƏFƏRLİ