Advertisment

F-16 qırıcıları Ukraynadakı savaşda nəyi dəyişəcək? - EKSPERTİN ŞƏRHİ

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ, NATO ölkələri və digər dövlətlər Ukraynaya hərbi və digər yardımlar göstərməyə başladılar. Ukraynanın Rusiyaya müqavimət göstərməsi üçün göndərilən silah-sursatların həcmi və gücü zamanla artırılırdı. Ötən həftə isə uzun müddət müzakirələrə səbəb olan F-16 qırıcıları nəhayət, Kiyevə göndərildi.

F-16 qırıcılarının ilk partiyasının Ukraynaya verilməsi savaşın gedişində hansı dəyişikliklərə gətirib çıxara bilər?

Siyasi şərhçi Elvin Baxşalızadə Herbiand.az-a bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə hərbi aerodromdan etdiyi video müraciətdə F-16 qırıcılarının ilk partiyasının ölkəsinə verilməsini rəsmi şəkildə təsdiq etdi:

“O, bu addıma görə Qərb ölkələrindəki əsas tərəfdaşlarına təşəkkür etdi. Amma F-16-ların sayı ilə bağlı məlumat verilmədi. İndi dünyanın bir sıra mətbu orqanlarında əsas müzakirə mövzusu, F-16-ların savaşın gedişatında hansı dəyişikliklərə gətirib çıxaracağı ilə bağlıdır. İlk öncə onu qeyd edim ki, bu qırıcılar əsasən qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq. Bundan başqa F-16-lar Ukrayna ordusunda və xalqında psixoloji üstünlük yaradacaq. Çünki bu qırıcıların Ukraynaya verilməsi sıradan bir məsələ deyil. Amma bütün bunlarla yanaşı, F-16-ların savaşda yaxın aylar ərzində radikal dəyişiklik yaradacağı da real görsənmir”.

Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə sual yaranır ki, bu qırıcılar Ukraynaya niyə məhz indi verildi? Axı 2 ildən çoxdur ki, Ukrayna tərəfi F-16 məsələsini daim dilə gətirirdi:

“Fikrimcə, səbəb Rusiya ordusunun son 3-4 aydakı irəliləyişidir. Ciddi itkilərə baxmayaraq, Rusiya tərəfi son aylarda bir sıra yaşayış məntəqələrini işğal etməyi bacardı. Sanki Qərb F-16 qırıcılarının ilk partiyasını göndərməklə qarşı tərəfə dayanmaq lazım olduğunu bildirir. Bunu Qərbin Rusiya tərəfinə xəbərdarlığı kimi qiymətləndirmək olar. Ukrayna ordusunun ciddi əks-hücum əməliyyatlarının olacağı isə yaxın perspektivdə real görsənmir. Fikrimcə səbəb Qərb, xüsusilə ABŞ-ın hazırki məqamda bu savaşın gedişatında ciddi dəyişiklik olmasında və Ukraynanın qələbəsində maraqlı olmamasıdır. Hərbi yardımların kiçik hissələrlə və ləng çatdırılması da bu tezisi gücləndirir. Əsas strateji məqsəd savaşı mümkün qədər uzatmaq, əsas geopolitik rəqiblərdən olan Rusiyanı "yormaq" və zəiflətməkdir. Çünki zəifləmiş Rusiya ilə masaya oturmaq və ondan lazımi dividentləri qoparmaq daha asan olacaq. Bu baxımdan Qərb, xüsusilə ABŞ tələsmir və savaşın tezliklə bitməsində maraqlı görsənmir”.

Bəxtiyar CƏFƏRLİ