Advertisment

Sinəsi sipər oğul 

Vətənin sinəsi qanına boyanan şəhidlər öz sinələrini vətənə tuşlanan atəşlərə sipər etməkdən heç zaman çəkinməzdilər. Bu gün üzərinə qürurla qədəm basdığımız vətən sinəsinə qəhrəman şəhidlərin məzarları düzülüb. Torpağın ləl-cəvahiri olan qəhrəmanlar tarixin də ən şərəfli səhifələrini yazıblar. Bir zamanlar şəhid qanları ilə yazılan o şanlı səhifələri oxuyaraq böyüyənlər özləri də tarix yazdılar. Azərbaycanın hər ilinə, hər ayına bir soyqırım, bir işğal tarixi yazan düşmən gün gəldi məğlubedilməz bir xalq və orduyla qarşılaşdı. O ordu ki, hər şəhidin ruhunu bir sarsılmaz qala kimi ardında hiss edərək yalnız irəli addımlayaraq şəhid ruhlarının nigaran dolaşdığı torpaqları azad etdi. 

Hər zaman sinəsi düşmənə sipər olan Naxçıvan illər boyu tarix yazan şəhidləri ilə ucaldıqca ucalaraq düşmən qəlbinə dağ çəkib. Nə qədər şəhid dərdi ağır olsa da yenə məğrur dayanıb. Oğlu 1994-cü ildə vətən qurbanı olan Xavər ana da sanki bu əsaləti, bu məğrurluğu havasını, suyunu udduğu Naxçıvanın zinəti Şərur torpağından alıb. Vətənə Cəmil kimi bir oğul yetirən Şərur torpağından.

Əliyev Cəmil Məhərrəm oğlu 18 dekabr 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının qəhrəmanları ilə seçilən Şərur rayonunun Kərimbəyli kəndində dünyaya göz açıb. Ailəsinin dördüncü övladı olan Cəmil bir gün qəhrəman olacağından xəbərsiz böyüyüb. Uşaqlıqdan özünə taxtadan silahlar hazırlayan bu oğul müharibə oyunları oynayaraq yaşa dolub. 1982-ci ildə məktəbli yaşına çatanda Şərur rayonu Nüsrət İsmayılov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayıb. Elə məktəblilər arasında da vətənə duyduğu sevgi, qayğıkeş olmağı ilə fərqlənməyi bacarıb. Dürüstlük onun ən üstün cəhəti olub. Çünki dürüstlüyün gətirdiyi ucalıq qədər gözəl duyğu yoxdur.

Cəmilin gənclik çağında vətən yenidən qonşularının işğalına məruz qalaraq çətin dönəmlərə, qan-qadalı günlərə məhkum olunur. İşğal olunmuş torpaqlardan didərgin düşən soydaşlarımızın ruhunun iniltisi hər kəsin ruhunu sızladır. Elə həmin zamanlarda da Cəmil vətənə olan vətəndaşlıq borcunu yerinə yetirəcəyi günün çatmasını səbirsizliklə gözləyir. O, 1993-cü ildə məktəbi bitirdikdən sonra həyatın daha bir sərt sınağına tuş gəlir. Oktyabrın 30-da atasının həyata əbədi vidası Cəmil və doğmalarını dərindən sarsıdır. O gündən sonra Cəmilin həyat və könül yükü bir qədər də artır. Ancaq bilmir ki, cəmi bir il sonra atasının ürəyinin dayandığı gün onun da ürəyi dayanacaq, Anası Xavər xanım, bacıları Mirvari, Vəfa, Şəfa, Fatma və qardaşı Cəlil yenidən həsrətə tuş gələcəklər. 

Cəmil ata itkisindən sonra vətənə keşik çəkməyə daha çox can atır. Elə bil ki, atasının əbədi dünyasına çatmağa tələsir. 12 dekabr 1993-cü ildə o, arzusuna çatır. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Soyuq dağ istiqamətində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayır. Qışın sərt sazağında qarlı dağlarda gecə-gündüz keşik çəkir, düşmənə göz açmağa macal vermir. Düşmən isə hər vəchlə öz çirkin planından dönmür, hər zaman sükutu silahla pozurdu. 

Soyuq dağın bəyaz qarlı sinəsi çox şəhidin al qanına boyanıb. Cəmil də çox qəhrəmanın son nəfəsinə şahid olub. Neçə-neçə qəhrəmanlıq salnaməsi yazılan Soyuq dağ igidlərin sayəsində müdafiə olunub. Cəmil xidmətinin doqquzuncu ayında düşmənin növbəti təxribatının qarşısını alıb. İrəliləməyə cəhd edən düşmənin arzusunu ürəyində qoyan cəsur igid 3 oktyabr 1994-cü ildə "Vətən sağ olsun" deyərək sinəsini vətənə tuşlanan atəşə sipər edib. Ağır şəkildə yaralanan Cəmil silahdaşlarının köməkliyi ilə hospitala çatdırılıb. İyirmi yeddi gün həyat mücadiləsi aparan qəhrəman 30 oktyabrda atasının ölümünün bir ili tamam olan gün əbədi olaraq gözlərini yumub. Şəhadət zirvəsinə ucalmaq alın yazısı olan şəhid el-obasına dönüşü böyük bir izdihamla qarşılanıb. Şərur rayon Şəhidlər xiyabanı 30 oktyabrda daha bir qəhrəmanı bağrına basıb. Vətəndən başqa bir nişanəsi qalmayan şəhidin vətən sinəsində ucalan məqbərəsi kiminin qəlb dağına, kiminin and yerinə dönüb.

Əsgər Əliyev Cəmil Məhərrəm oğlunun adı əbədi olaraq tarixin şanlı səhifələrinə əksini salıb. Bir də o adı əməllərdə yaşatmaq üçün çalışanlar var. 

 

Manya Səxavətqızı 

AYB-nin və AJB-nin üzvü,

"VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri