Advertisment

ABŞ və Avstraliya birlikdə raketlər istehsal edəcək

ABŞ və Avstraliya bu il yüksək dəqiqlikli GMLRS və PrSM raketlərinin birgə istehsalına dair razılıq əldə edəcəklər.

Herbiand.az xəbər verir ki, bu barədə avqustun 6-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin “iki üstəgəl iki” formatında ABŞ-Avstraliya danışıqlarının yekunlarında məlumat verib.

Ostin qeyd edib ki, Avstraliya ilə birlikdə hərbi sənaye kompleksi sahəsində əməkdaşlığı genişləndirirlər: “Bura Avstraliyada idarə olunan silahların və partlayıcı sursatların istehsalının dəstəklənməsi daxildir”.

2024-cü ilin sonuna qədər Vaşinqton və Kanberra kritik döyüş sursatlarına dair iki anlaşma memorandumu imzalamaq niyyətindədir. Birincisi, 2025-ci ilə qədər Avstraliyada çoxsaylı buraxılış raket sistemləri üçün GMLRS raketlərinin istehsalına başlanılmasını nəzərdə tutur. İkincisi, PrSM (Precision Strike Missile) hipersonik dəqiqlikli raketin istehsalını, texniki dəstəyini və inkişafını asanlaşdırır.

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ və Avstraliya regional müttəfiqlər və tərəfdaşlar, xüsusilə Hindistan, Yaponiya və Filippinlə hərbi əlaqələri inkişaf etdirməyə davam edəcək.

Bəxtiyar CƏFƏRLİ