Advertisment

Qarabağın işğaldan azad edilməsi Azərbaycanda tarix elminə marağı daha da artırdı - Akademik Nərgiz Axundova

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi heç vaxt tarixçilərimizin diqqətindən kənarda qalmayıb. İşğal dövründə isə tarixi həqiqətləri dünyaya çatdırmaq üçün böyük işlər həyata keçirilib, yüzlərlə kitab və monoqrafiyalar işıq üzü görüb. “Qarabağnamələr”in mənbə kimi tərcümələri və şərhləri, Qarabağa ermənilərin köçürülməsi məsələsi, burada gedən siyasi proseslər, soyqırımların tarixi geniş işiqlandırılıb.

Herbiand.az xəbər ki, bu barədə AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundova söyləyib.

Akademik deyib: “Böyük Zəfərdən sonra isə Qarabağ tarixinin daha ətraflı, dərindən öyrənilməsi həm də siyasi-ictimai əhəmiyyət daşımağa başladı və həmin tarixin bütün aspektlərinin müasirlik nöqteyi-nəzərdən araşdırılmasına ehtiyac duyuldu. Hazırda Qarabağın qədim türk yurdu olması, burada qədim dövrlərdən mövcud olan dövlətlərin, əsasən də Albaniyanın tarixi araşdırılır, bu ərazidə dini müxtəlifliyin səbəbləri dərindən öyrənilir. İkinci Qarabağ müharibəsi, əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən Böyük Qayıdışın tarixinin öyrənilməsi hazırda alimlərimizin qarşısında duran əsas vəzifələrdəndir. Düşünürəm ki, bu istiqamətdə aparılan elmi axtarışlar Qarabağ tarixini zənginləşdirəcək və tarix elmində yeni perspektivlər açacaq”.