Advertisment

Avstriyalı milyarder 6-cı dəfə evləndikdən 2 ay sonra vəfat etdi

91 yaşlı avstriyalı milyarder Riçard Lyuqner vəfat edib. O, Kim Kardaşyan və Pamela Anderson kimi məşhurlara onu dəbdəbəli tədbirlərdə müşayiət etmək üçün yüz minlərlə dollar ödəməklə tanınıb. Lyuqner 6-cı arvadı, 42 yaşlı aktrisa Simone Reylenderlə evləndikdən cəmi iki ay sonra Vyanadakı villasında dünyasını dəyişib.

Herbiand.az “Page Six”-ə istinadən bildirir ki, tikinti maqnatı 42 yaşlı Reylender ilə iyun ayında evlənmişdi.

The Sun qəzetinin yazdığına görə, iyunun 21-də Lyuqner toydan qısa müddət sonra şiddətli bel ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib. O, zədəsini idman velosipedi ilə əlaqələndirib və gündəlik ağrıkəsici iynələr vurmağa məcbur olub.

Onun səhhəti pisləşməkdə davam edib və iyulun 12-də ürək qapağının yırtılması səbəbindən təcili olaraq Vyana Ümumi Xəstəxanasına aparılıb. Səhhətindəki problemlər məlum olduqdan sonra Lyuqner bildirib ki, dəfn mərasimi artıq planlaşdırılıb və baş daşına sifariş də verilib. “Mən hər şeyin təşkil olunmasını istəyirdim. Mənim varislərim nə etməli olduqlarını bilməlidirlər”, - o, həmin vaxt jurnalistlərə bildirib.

Lyuqner bu yaxınlarda bildirmişdi ki, Reylender onun biznesinin tam idarəçiliyini öz üzərinə götürüb: “Həyat yoldaşım indi şalvar geyinir. O, məni fəal şəkildə dəstəkləməlidir. Bundan sonra işimi bölüşəcəyik”.

Bəxtiyar CƏFƏRLİ