44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən ərazilərə artıq yeni nəfəs gəlib. Cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarətilə azad olunan ərazilərimizdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Bu gün bu ərazilərimizdə aparılan bərpa-quruculuq işləri nəticəsində Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirovla müsahibəmizi də bu istiqamətdə apardıq.
-Böyük Qayıdış strategiyasının həyata keçirilməsində görülən tədbirlər?
- 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 %-dən çoxunu işğal altında saxlayan Ermənistan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində darmadağın edilərək kapituliyasiya aktını imzaladıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdış Dövlət Proqramının icrası məqsədilə sürətlə tikinti-quruculuq işləri həyata keçirilir.
Geniş və dayanıqlı magistral yollar, yolötürücü qovşaqlar, tunellər, Zəngilan, Füzuli rayonlarında tikilən Hava Limanları, Laçın rayonunda inşa edilməkdə olan hava limanı, dəmiryol xəttləri, yüksək gərginlikli elektrik stansiyaları, qaz xətləri və s. Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq yüksək peşəkarlıqla və keyfiyyətlə həyata keçirilir.
Zəngilan, Laçın, Füzuli, Şuşa, Xocalı və digər rayonlarda bu günə kimi təmir, bərpa və yenidənqurma işləri nəticəsində tikilən evlərdə, salınmış qəsəbələrdə ümumilikdə 2000 ailədən çox, 7800 nəfərə yaxın keçmiş məcburi köçkünlər daimi məskunlaşdırılıb.
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin istər Komandan, istər diplomat, istərsə də güclü iqtisadçı kimi apardığı mükəmməl siyasətin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri sürətlə davam etməkdədir. Ermənistan tərəfindən vandalizmə məruz qalmış ərazilərimiz dirçəlir, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, mərhələli şəkildə keçmiş məcburi köçkün əhalisinin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir.
Dünyanın bir çox dövlətlərinin, xüsusən Türk Dövlətləri Birliyinə üzv olan qardaş türk respublikalarının cənab Prezident İlham Əliyevlə möhkəm dostluq münasibətləri nəticəsində Özbəkistan dövlətinin başçısı Şevkat Mirziyoyev tərəfindən Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva iştirak ediblər.
Azərbaycan və Qazaxıstan prezidentlərinin Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etməsi isə qardaş dövlətin Azərbaycanın möhtəşəm qələbəsinə verdiyi siyasi və mənəvi dsətəyin bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etməklə dosta güvən, düşmənə gözdağı verən siyasətlə Ermənistana və havadarlarına ən ciddi mesajlarını verdilər.
Heç kimə sirr deyil ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri ilə bərabər həm də Qarabağ və Şərqi Zəngəzurda ən yüksək səviyyəli beynəlxalq və yerli konfranslar, mədəni-kütləvi tədbirlər, festivallar keçirilir. Şuşa şəhəri həm Azərbaycanın, həm türk dünyasının, həm də İslam dövlətlərinin mədəni paytaxtı olmaqla bu şəhərdə keçirilən tədbir Şuşanın qədim türk, islam yurdu olmasını bir daha bütün dünyaya açıq mətnlə mesajını verməkdədir.
-Əhalinin azad olunmuş ərazilərdə yaşayış təminatında hansı addımlar atılıb?
-Qarabağa və Şərqi Zəngəzura köçürülən əhalinin işsizlik probleminin aradan qaldırılması üçün müəyyən işlər görülməkdədir. Yeni tikilən şəhər və rayonlarda demək olar ki, keçmiş məcburi köçkün əhali də işlə təmin olunub və bu proses davam etməkdədir. Yeni yaşayış komplekslərinə köçürülən əhali müasir infrastruktura, yüksək şəraitə malik obyektlərdə, müəssisələrdə fəaliyyətlərini davam etdirirlər. Məktəblər, mədəniyyət müəssisələri, digər dövlət və özəl müəssisələrin, ticarət obyektlərinin fəaliyyətə başlaması əhalinin məşğulluq məsələlərinin həllində aparılan müsbət işlərin göstəricisidir.
30 ildən artıq vandalizmə, dağıntılara məruz qalan Qarabağ və Şərqi Zəngəzurda əhali məskunlaşıb, öz dədə-baba torpaqlarında qurub yaratmaq istəyi hər keçən gün daha da prioritet bir məsələ kimi dövlətin və cəmiyyətin əsas həll etməli məsələsi kimi öz gündəmini qorumaqdadır. Təəssüflər olsun ki, kapituliyasiya aktını imzalayan Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməməsi, minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi, Zəngəzur dəhlizinin açılmasında yaratdığı süni maneələr, sülh müqaviləsini imzalamaqdan yayınması bir çox məsələlərin Qarabağda və Şərqi Zəngəzurda həyata keçməsini ləngidən amillərdəndir.
Buna baxmayaraq, ən münbit torpağa, təbiətə, turizm potensialına malik Qarabağda və Şərqi Zəngəzurda əhalinin, xüsusən gənc nəslin bu ərazilərdə daimi məskunlaşması və işləməsi üçün müxtəlif dövlət proqramları hazırlanmalıdır. Xankəndi Universitetinin yaranması demək olar ki, zamanında atılmış ən doğru addım kimi bu istiqamətdə həyata keçiriləcək işlərə böyük stimul və dəstək verən müsbət addımdır. Özəl sektorun Qarabağa və Şərqi Zəngəzura sərmayə yatırmaları, bir çox böyük təhsil müəssisələrinin filiallarının bu ərazilərdə fəaliyyətə başlamasının təmin olunması, turizm potensialına malik Şuşa, Kəlbəcər, Laçın və s. rayonlarımızda otelllərin və digər xidmət göstərən müəssisələrin açılması həm bu ərazilərdə daimi məskunlaşacaq əhalinin işlə təmin olunmasına müsbət töhfə verəcək, həmçinin Azərbaycan iqtisadiyyatında özünəməxsus böyük rola malik olacaqdır.
Qarabağın münbit torpaqlarının Azərbaycanın kənd təsərrüfatı sənayesinə böyük töhfə verəcəyi isə hər birimizdə böyük ümidlər yaratmaqdadır.
Böyük sənaye və kənd təsərrüfatı müəssisələrinin, fermer təsərrüfatların açılması əhalinin sosial rifahının və işsizlik probleminin aradan qaldırılmasında öz müsbət nəticəsini verəcəkdir.
-Rəhbərlik etdiyiniz Təşkilat bu istiqamətdə hansı tədbirləri həyata keçirib?
-Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı birinci növbədə Qarabağda və Şərqi Zəngəzurda yaşayacaq keçmiş məcburi köçkün olan gənclər arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Əsas məqsəd Qarabağı və Şərqi Zəngəzuru görməyən, öz dədə-baba torpaqlarından uzaqda məcburi köçkün ailələrində doğulub-böyüyən gənc nəslin öz ata-baba yurdlarına qayıdışını təbliğ etmək, bunun bir vətənpərvərlik və vətəndaşlıq məsələsi olduğunu bu təbəqənin gənclərinə izah etməkdir. İkinci addım isə Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşmış gənclərimizin, gənc ailələrin sosial-iqtisadi, elmi-mədəni, təhsil, səhiyyə və s. problemlərinin həllində yaxından iştirak etmək, onların məşğulluq məsələlərinin həll olunmasına çalışmaq, istedadlı gənclərin aşkarlanmasına dəstək göstərmək, Azərbaycanın bütövlüyü naminə qəhrəmanlıqla döyüşüb şəhid olan igidlərimizi təbliğ etmək, qazilərimizi, müharibə veteranlarımızı, şəhid ailələrini daim diqqətdə saxlamaq və onlara mənəvi və digər bacardığımız dəstəkləri göstərməyə çalışmaqdır. Bu istiqamətlər demək olar ki, Gənclər Təşkilatının qarşısında dayanan əsas prioritetlərdəndir. Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşan və gələcəkdə daimi məskunlaşacaq gənclərin dəstəklənməsi məqsədilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Gənclər Fonduna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və s. müxtəlif istiqamətlərdə və mövzularda layihələr təqdim etmişik. Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Laçın, Füzuli və Zəngilan rayonlarında layihəmiz icra olunur, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni bir layihəmizin dəstəklənməsi haqqında qərar verilib. Və biz bundan sonra da fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik.
Elnurə İSAXAN
Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”