Advertisment

Bolqarıstanda “Sea Breeze” beynəlxalq hərbi təlimlərinə start verilib

Qara dənizin Bolqarıstan sahillərində “Sea Breeze” beynəlxalq hərbi təlimləri başlayıb. Təlimlərdə Ukrayna və Yaponiyanın da daxil olduğu 13 ölkədən nümayəndələr iştirak edirlər.

Herbiand.az xəbər verir ki, təlimlər sentyabrın 20-dək davam edəcək, üzən və dəniz dibi minalarına qarşı taktiki hərəkətlərin, üsulların işlənməsi əməkdaşlığına yönələcək.

Bolqarıstan donanmasının komandanı kontr-admiral Kiril Mixaylov qeyd edib ki, təlimlərin əsas məqsədi ölkələr arasında qarşılıqlı əlaqəni möhkəmləndirmək və minaların aşkar edilməsi, neytrallaşdırılması üzrə müxtəlif taktikalardan istifadəni öyrənməkdir. ABŞ donanmasının vitse-admiralı Tomas İşi əlavə edib ki, Qara dənizdə artıq 105 dəniz minası aşkarlanıb ki, bu da ən azı beş gəmini zədələyib. O, təlimlərin ölkələrin birgə işləmə qabiliyyətini artırmağa və minalara qarşı səmərəli mübarizə üsullarının tətbiqinə kömək edəcəyini vurğulayıb.

Həmçinin ABŞ-ın suyun monitorinqi üçün peyklərdən istifadə etdiyi, lakin minaların və digər obyektlərin aşkarlanmasının əlavə identifikasiya tələb etdiyi qeyd olunub. Bildirilib ki, 2023-cü ilin sentyabrında Türkiyə, Rumıniya və Bolqarıstan arasında minalara qarşı birgə hərbi dəniz qrupunun yaradılması üzrə işlərə başlanılıb. Qrupun əsas məqsədi Qara dənizi minalardan təmizləməkdir.

Sentyabrın sonunda minalara qarşı qrupun aktivləşdirilməsi planlaşdırılır, bu qrup Türkiyədə hərbi təlimlərdə, noyabr ayında isə Rumıniyanın Konstansa şəhərində "Poseidon" təlimlərində iştirak edəcək.