Advertisment

Politoloq: USAİD faktiki olaraq erməni lobbisinin əlindədir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırması 5 aprel görüşü siyasətinin davamıdır.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynli deyib ki, 5 aprel görüşü siyasətinin məğzində Qərbin Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməyə çalışması durur və USAID də bu çərçivədə qərarlar verir: “Cənubi Qafqazda yeni status-kvo və ayırıcı xətlər çəkilməsinə can atılır. Bundan əvvəl də Qərbdə Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı olub. 5 aprel görüşündə hərbi komponentin olduğu da bəlli idi. 5 aprel 2024-cü il tarixində Ermənistanın Baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında görüşdən sonra Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi diqqət çəkdi. 5 aprel görüşündən sonra Ermənistan operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərini çıxardı, daha sonra isə ABŞ təyyarələrlə Ermənistana silah və hərbi heyət göndərdi, bunlar Zəngəzurda yerləşdirildi. ABŞ regionda ən böyük səfirliyi də Ermənistanda saxlayır.

Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Bütün bunlar bir daha ABŞ-ın addımlarının Qafqaz regionunda geosiyasi sərhədlər çəkmək cəhdi olduğunu təsdiqləyir. Qərb ölkələri regionda Ermənistanı öz bastionuna çevirmək istəyirlər. Bu aspektdə Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşınqtondan koordinasiya edilir. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə müdaxiləsi regiona nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələrlə yekunlaşa eləcə də gərginliyə səbəb ola bilər”.

Politoloq 30 il Azərbaycanın torpaqları işğal altında olanda ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunulmazlığı qədər xatırlamadığını vurğulayıb: “Bu yanaşma mahiyyətcə bu gün özünü başqa formada biruzə verir. Ermənistanın işğalından azad edilmiş ərazilərdə minalanma qayıdışa ən böyük problemlərdən biridir. Azərbaycan minalardan ən çox çirklənmiş ölkələrdən biridir. Lakin minalanmadan mübarizəyə ABŞ real dəstək vermir. Görünən odur ki, Qarabağa azərbaycanlıların qayıdışı hüquqları ABŞ-ı o qədər də narahat etmir. ABŞ Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstək olmaqla bu ölkədə revanşizmin artmasına zəmin yaradır. ABŞ regionda real sülh istəyirsə, təktərəfli Ermənistana dəstəyi, xüsusən hərbi dəstəyi dayandırmalıdır”.

Qabil Hüseynli onu da xatırladıb ki, Ermənistan nə KTMT-dən, nə Avrasiya ittifaqından çıxmayıb: “Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir. Artıq son günlər Ermənistan rəsmiləri Rusiyaya yenidən reveranslara başlayıb. Sonda belə ola bilər ki, Ermənistan elə Rusiya orbitində qalsın. İtirən isə ABŞ olacaq. Yaratdığı gərginliyə görə regionda heç bir dövlət onunla sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq”.

Politoloq ABŞ-ın maraqlarının reallaşdırılması yönündə institutlardan biri kimi tanınan USAID-nin rəhbərinin tarixdə qalmış qondarma rejimin keçmiş dövlət naziri Ruben Vardanyanla sıx əlaqələrinin olmasını da xatırladıb: “Vardanyanın maliyyələşdirdiyi Avropa mükafat komitəsində S.Pauer də vardı. Bu da göstərir ki, ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAİD faktiki erməni lobbisinin əlindədir”.