Advertisment

“ADEX 2024” kimi tədbirlər müdafiə qüdrətimizin daha da gücləndirilməsinə müsbət töhfələr verir - Ekspert

“Dünya miqyaslı toplantıların, müdafiə və təhlükəsizlik üzrə sərgilərin, eləcə də digər tədbirlərin Azərbaycanda keçirilməsi, dövlətimizə olan etibarın və etimadın, ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, müdafiə qüdrətimizin daha da gücləndirilməsi, təhlükəsizliyimizin təmin olunması məsələlərinə müsbət töhfələr verir”.

Bu fikirləri “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin keçirilməsini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov deyib.

O vurğulayıb ki, “ADEX-2024” həm Qafqaz regionunda müdafiə və hərbi sahədə yeniliklərə həsr olunmuş ən nəhəng sərgidir, həm də hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün geniş imkanlar yaradan mötəbər toplantıdır: “Sərgidə dünyanın ən qabaqcıl hərbi sənaye komplekslərinin rəhbərləri və nümayəndələri iştirak edir. Dünyanın tanınmış hərbi sənaye müəssisələrinin, nüfuzlu xarici şirkətlərin və təşkilatların, eləcə də yüksək ixtisaslı mütəxəssislərin eyni məkanda toplanmasına imkan verən bu sərgidə beynəlxalq əlaqələrin qurulması və dövlətimizin maraqlarını təmin etməyə imkan verəcək yeni müqavilələrin imzalanması üçün geniş perspektivlər mövcuddur. Tam əminliklə deyə bilərik ki, Müdafiə Nazirliyi sərginin yaratdığı imkanlardan yararlanaraq beynəlxalq hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün lazım olan bütün addımları atacaq.

Fikrimcə, sərginin keçirildiyi günlərdə dünya hərbi sənayesinin mövcud imkanlarının öyrənilməsi, bu sahədə baş verən yeniliklərin Ordumuzda tətbiqi ilə bağlı Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi görüşlər, aparacağı müzakirə və təhlillər Vətənimizin müdafiə qüdrətinin daha da güclənməsinə böyük səmərə verəcək”.

Hərbi jurnalist qeyd edib ki, Ordu quruculuğunu prioritet elan edən dövlətimizin faydalı əməkdaşlıq qurmaq, dünyanın aparıcı silah istehsalçılarının ən yeni texnologiyaların tətbiqi ilə hazırladıqları müasir, yüksək dəqiqliyə, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat, döyüş texnikası və digər hərbi vasitələrin Ordumuzun arsenalında olması üçün çalışması da təbii haldır: “Müdafiə Nazirliyi “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ayrıca bir stendlə təmsil olunur. Hesab edirəm ki, sərgidə bu səviyyədə uğurlu iştirak həm Ordumuzun arsenalının nümayişi, həm də 2000-2023-cü illərdə hərbi əməliyyatlarda tətbiq etdiyimiz yeniliklərin və hərbi texnikanın modernizasiyası ilə bağlı gördüyümüz mühüm işlərin geniş mütəxəssis kütləsinə uğurlu təqdimatıdır. Sərgi ilə bağlı bir vətəndaş olaraq fəxrlə qeyd etmək istərdim ki, döyüş əməliyyatlarında silahların və hərbi texnikanın effektiv tətbiqi, səmərəli istifadəsi, eləcə də təkmilləşdirilməsi ilə bağlı bir sıra yeniliklər nazirliyin təmir müəssisələrində uğurla həyata keçirilib. Əminəm ki, həmin yeniliklər və qazanılan uğurlar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanacaq.

Sərgi ilə bağlı danışarkən daha bir mövzu haqqında da fikirlərimi oxucularla bölüşmək istərdim. Dövlət başçısının tapşırıqlarına əsasən ölkəmizdə yaranmış hərbi sənaye kompleksi qısa müddət ərzində böyük inkişaf yolu keçib. Sevindirici haldır ki, bu gün hərbi sənaye kompleksimiz təkcə daxili tələbatın ödənilməsi ilə kifayətlənmir, rəqabətə davamlı, yüksək keyfiyyət tələblərinə cavab verən müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə də bağlı uğurlu addımlar atır. Hesab edirəm ki, Ordumuzun arsenalında olan silahların, döyüş texnikasının və bir çox digər hərbi avadanlıqların böyük bir qisminin yerli hərbi sənayemizin məhsulu olması və həmin məhsulların döyüş əməliyyatlarında praktiki cəhətdən sınaqlardan uğurla çıxması ölkəmizin hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullara marağın yüksək olmasına xidmət edəcək.

Dövlət başçısı tərəfindən Müdafiə Nazirliyi qarşısında qoyulan vəzifələrin uğurla icrasının təmin olunması, eyni zamanda müasir dövrün mövcud təhdid və çağırışları təbii olaraq dünyada müdafiə sənayesi sahəsində baş verən yeniliklərin daim izlənilməsi, öyrənilməsi və effektiv tətbiqini, təhlükəsizlik sahəsində innovativ təşəbbüslərin araşdırılmasını diktə edir.

Torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi, separatizmin kökünün kəsilməsi və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə regionumuzda yaranmış yeni reallıqlar Ordumuz qarşısında yeni tapşırıqlar qoyur. Doğma yurd yerlərinə qayıdan soydaşlarımızın əmin-amanlıq və sülh şəraitində yaşaması, həmçinin bütün Qafqaz regionunda dayanıqlı sülhün və iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunmasına töhfə vermək Silahlı Qüvvələrimizin ümdə vəzifələrindən biri olacaq”.

Ehtiyatda olan polkovnik-leytenant daha sonra bildirib: “Həmin vəzifələri uğurla yerinə yetirmək üçün yarana biləcək yeni təhdidlərə, neohibrid əməliyyatlara qarşı daima hazır olmaq gərəkdir. Dünyada ən müasir innovativ texnologiyaların tətbiqi ilə müşayiət olunan hərbi münaqişələr zamanı tətbiq edilən müasir döyüş üsul və metodlarının öyrənilməsi ən başlıca məqamlardan olmalıdır. “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi də bu tip məsələlərin diqqət mərkəzində saxlanılmasına töhfə verən ən vacib tədbirlərdəndir. Şübhə yoxdur ki, Müdafiə Nazirliyi arsenalımızda olan silah və texnikanın müasir döyüş üsullarının tələblərinə uyğun modernləşdirilməsi, həmçinin qabaqcıl texnologiyaların ölkəmizin relyefinə, Ordumuzun qarşısında qoyulmuş tapşırıqlara uyğun inteqrasiya edilməsi yollarının öyrənilməsi üçün geniş imkanlar yaradan bu cür beynəlxalq tədbirlərdən xalqımızın mənafeyi, ölkəmizin müdafiə qüdrətinin daha da güclənməsi naminə yüksək səviyyədə yararlanacaq. Belə tədbirlərdə müasir təcrübələrin və texnologiyaların öyrənilməsi və ölkəmizin Ordu quruculuğu prosesində tətbiqi regionda təhlükəsizliyin təmin olunmasında, eləcə də Ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında əvəzsiz rol oynayır”.