Türkiyənin “Titra” şirkətinin istehsal etdiyi ALPİN pilotsuz uçuş aparatı “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisində ilk dəfə nümayiş etdirilir.
Herbiand.az bildirir ki, bununla bağlı şirkətin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, ALPİN pilotsuz uçuş aparatı müasir texnologiyalara əsaslanan çoxfunksiyalı bir platformadır. Bu aparat müxtəlif missiyalarda istifadə oluna bilən müxtəlif faydalı yük seçimləri və üstün performans xüsusiyyətləri ilə təchiz olunub. ALPİN pilotsuz uçuş aparatının EO/IR kameraları (Elektron Optik/İnfraqırmızı), gecə və gündüz missiyaları üçün yüksək görüntüləmə, SAR Radar - hər hansı hava şəraitində dəqiq görüntü və hədəf aşkar etmə üçün radar sistemi, fərqli yük daşıma sistemləri ilə təchiz oluna bilən dron, xüsusi avadanlıqların asan daşınması üçün mexaniki yükqaldırma köməkçi sistemi, bağlı yüklərin daşınması üçün qutulu yük sistemi mövcuddur. Bu sistemlər maksimum 200 kiloqrama qədər faydalı yük daşıya bilər.
Məlumat verilib ki, uzunluğu 6,27 metr, hündürlüyü 2,47 metrdir. Havada qalma müddəti 9 saat və daha çox, yanacaq tipi benzin, 175 litr tutumludur. Bu pilotsuz uçuş aparatı, hərbi, humanitar və kommersiya missiyaları üçün ideal bir seçimdir. Çünki yüksək performanslı və geniş faydalı yükdaşıma imkanlarına malikdir.