Mayın 9-u faşizm üzərində qələbənin 48-ci ildönümünün qeyd olunduğu bir gündə Şahbuz rayonunun Külüs kəndində yaşayan Rzayevlər ailəsi üçün ikiqat bayram idi. Onlar həm qələbəni qeyd edir, həm də balaca Zülfünün dünyaya gəlişinə sevinirdilər. Ailənin ikinci övladı olan Zülfü gəlişi ilə bir dünya sevinc bəxş etmişdi. O sevincin içində nələr yox idi? Valideynlərin bitib-tükənməyən arzuları, gələcək planlar və s. Lakin insanlar var ki, onlar yalnız ailəsi üçün deyil, ölkəsi, vətəni, milləti üçün doğulur. Nahaq deyilməyib ki, qəhrəman olmurlar, qəhrəman doğulurlar. Zülfü də anadan qəhrəman doğulmuşdu. Zülfü yaşa dolduqca bu hiss onu saracaq və peşə seçiminə yardımçı olacaqdı.
Vətən onun təəssübünü çəkən, uğrunda can əsirgəməyən oğullarının çiynində yüksəlir, pərvəriş tapır. Vətən onu sevən, qoruyan vətəndaşlarının sayəsində qorunur, inkişaf edir. Zülfü də bu peşənin aliliyinə aşiq olaraq Vətəni qorumaq, müdafiəsində dayanmaq yolunu seçir. Təhsilinə Külüs kənd tam orta məktəbində başlayan Zülfü Rzayev 2007-ci ildə imtahan verərək Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə qəbul olur. Liseydəki təhsil illərində öz nizam-intizamı, biliyi ilə seçilən Zülfü Rzayev müəllim və zabitlərinin də rəğbətini qazanır.
2007-2010-cu illərdə Hərbi liseydəki təhsil illəri Zülfüyə çox şey qazandırır. Əvvəla məktəb öz ətrafında eyni amal, eyni məqsəd uğrunda birləşən gəncləri toplamışdı. Digər tərəfdən hərbi liseydə yaradılan yüksək tədris şəraiti ali hərbi məktəbə aparan uğurlu yol idi. Kursant formasını geyinməyə müvəffəq olan Zülfü çox qürurlanırdı. Artıq məqsədinin astanasında idi. 2010-cu ildə Hərbi liseyin növbəti buraxılışı olur. Xeyir-dua alan gənclər vətənə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına söz verib Naxçıvan torpağından paytaxta—Bakı şəhərinə yola salınırlar. O məzunların arasında Zülfü Rzayev də var idi. Doğma od-ocaqdan, liseydən ayrılmaq asan deyildi. Amma qarşıda onu daha məsuliyyətli illər gözləyirdi: təhsilini davam etdirməli, peşəkar zabit kimi formalaşmalıydı. Bu məqsədlə də inandığı yola addımlarını qətiyyətlə atır. Deyirlər, niyyətin hara, mənzilin ora. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində (indiki Hərbi institut) kəşfiyyatçı ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurur. Bir il də təlimlərlə ixtisasını artıran Zülfü Rzayev Füzuli rayonunda xidmətə başlayır.
2016-cı il aprelin əvvəlində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Bu, Aprel döyüşləri kimi tarixləşdi.
Zülfü Rzayev Aprel qələbəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunur. Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovla çiyin-çiyinə döyüşən, onu özünə örnək götürən Zülfü Rzayev Aprel zəfərini bizə yaşadan yüzlərlə igidimizdən biri kimi xidmətini şərəf və ləyaqətlə davam etdirir. 2018-ci ildə Naxçıvan televiziyasının Lələtəpədə etdiyi çəkilişdə müsahib qismində çıxış edən baş leytenant Zülfü Rzayev həmin döyüşləri belə xatırlayır: “Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.
2020-ci ilin sentyabrın 27-də səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci Aprel dalğasını yaşadır. Təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı çox çəkmədən uğurlu əks-hücum əməliyyatları ilə verilir. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə bir daha öyünürük. Təbii ki, müharibə itkisiz olmur. Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir. O müqəddəs torpaqlar uğrunda döyüşürdü Azərbaycan əsgəri. Zülfü də bu yolda can verməyə hazır və qadir idi. Onu bu yoldan heç bir qüvvə çəkindirə bilməzdi. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralansa da, geri çəkilməyən bu igid vətən oğlu düşmənin gülləsinə tuş gəlir. Son damla qanına qədər döyüşən Zülfü şəhidlik zirvəsinə yüksəlir.
Zülfünün nəşi şəhid yoldaşları ilə birgə oktyabrın biri doğulduğu torpağa gətirilir. Kursant kimi Bakıya yola salınanda bəlkə də 5-10 nəfər, uzaqbaşı 15-20 nəfər yola salmışdı. Amma indi onu yüzlərlə insan qarşılamaq üçün hava limanına axışmışdı. Doğmaları, dostları, tanıyan, tanımayan hər kəs. Bu insanların vətən uğrunda birliyinin, əzminin göstəricisi idi. Bu, şəhidinə sonsuz ehtiramın ifadəsi idi.
44 günlük müharibə həm də bir sınaq dövrü idi. Artıq amalımıza qovuşduq. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Ordumuzun qəhrəman döyüşçüləri və birliyimiz sayəsində. Sınaqdan üzüağ çıxdıq! Rahat uyu, şəhidim, bu qələbəni bizə qazandırdınız.
Baş leytenant Zülfü Rzayev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ölkə başçısı İlham Əliyevin də dediyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Bəli, həsrət sona çatdı. 4 ildir ki, biz bu zəfəri yüksək coşqu ilə qeyd edirik. Antiterror əməliyyatı ilə düşmənin murdar ayağı torpaqlarımızdan birdəfəlik təmizləndi, dövlət suverenliyimiz tam təmin olundu. O müqəddəs torpaqlarda bayrağımız dalğalanır, geniş quruculuq işləri həyata keçirilir. Düşmənin illərlə bərbad etdiyi torpaqlar qısa zamanda abadlığına qovuşur. Qarabağda həyat canlanıb. Bu qələbəni bizə bəxş edən müzəffər Azərbaycan Ordusunun qalib döyüşçüləri, Vətən sizə minnətdardır!
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru