Keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana qayıtmasından sonra yaşayış şəraitini öyrənmək üçün Milli Assambleyanın təhqiqat komissiyası yaradılmayacaq.
Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, daha əvvəl “Ermənistan” bloku fraksiyasının təmsil etdiyi müxalifət belə bir təşşəbüslə çıxış edib.
Lakin, Milli Assambleyada mandatların əksəriyyətinə malik olan hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyası səsvermə zamanı bu təşəbbüsü dəstəkləməyib. Hakim partiya müxalifətin arqumentlərini qeyri-inandırıcı hesab edib.
“Ermənistan hökuməti və hakim partiya ilk gündən bu tip müxtəlif proqramlar həyata keçirməyə başlayıb. Bunlar çox idi. Biz Dağlıq Qarabağdan (keçmiş – red.) məcburi köçkün düşmüş soydaşlarımızın yaşayış şəraitinin təmin edilməsi, sosial təminatı, mənzillə təminatı və s. üçün bir sıra qanunvericilik normaları qəbul etmişik. Hesab edirik ki, parlament müxalifəti öz parlament funksiyaları çərçivəsində artıq bütün səlahiyyətlərə və rıçaqlara malikdir ki, bu proseslərlə bağlı sual vermək, onları maraqlandıran faktları və ya məlumatları tapmağa çalışsın”, - hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib.
“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan isə bildirib ki, bu, hakim çoxluğun öz konstitusion vəzifələrini yerinə yetirməkdən imtina etmək cəhdidir: “Xatırlatmaq istərdim ki, istintaq komissiyasının ən mühüm vəzifələrindən biri parlamentin nəzarət funksiyasını həyata keçirməkdir”.
Lakin bu təşəbbüsü cəmi 28 deputat dəstəkləyib, 56 deputat isə əleyhinə çıxıb.
Bəxtiyar CƏFƏRLİ