Niderland Kral Hərbi Hava Qüvvələri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunan köhnəlmiş F-16 döyüş təyyarələri parkını beşinci nəsil F-35 döyüş təyyarələri ilə əvəz etməyi başa çatdırıb.
Herbiand.az bildirir ki, Infodefensa-nın Niderland ordusuna istinadən verdiyi məlumata görə, istifadəyə verilən F-35-lər artıq tam əməliyyat qabiliyyətinə çatıb. Keçən həftə sonuncu F-16 “Falcon” istismardan çıxarılıb.
Beləliklə, Niderland belə mərhələyə çatan ikinci ölkə olub. Bundan əvvəl, 2022-ci ilin əvvəlində Norveç köhnəlmiş F-16-lar parkının ən son F-35A ilə əvəzlənməsi prosesini tamamilə başa çatdırıb.
Jurnalistlərin fikrincə, Niderland 24 ədəd F-16 qırıcısını Ukraynaya təhvil verəcək. Avropa ölkəsi bu təyyarələri 1980-ci illərin əvvəllərində ABŞ-dan alıb. Bu təyyarələrdən daha 18-i Rumıniyada yerləşən Avropa F-16 Təlim Mərkəzinə hədiyyə edilib.
Ümumilikdə, Amsterdam Vaşinqtondan 58 ədəd F-35A qırıcısı sifariş edib. Onlardan birincisi Hollandiyaya 2019-cu ilin oktyabrında gəlib. Bu günə qədər Kral Hərbi Hava Qüvvələrində 40 belə təyyarə var.
Hazırda 13 Avropa ölkəsi artıq F-35-ə malikdir və ya onu almaq mərhələsindədir. Böyük Britaniya 74 ədəd, İtaliya - 105, Norveç - 52, Niderland - 58 və Danimarka - 27 ədəd sifariş verib. Qalan səkkiz dövlət isə Polşa (32), Yunanıstan (40), Finlandiya (64 ), İsveçrə (36), Almaniya (35), Belçika (34), Çexiya (24) və Rumıniyadır (48).
Bəxtiyar CƏFƏRLİ