Advertisment

ADEX sərgisi beynəlxalq hərbi əməkdaşlıq üçün səmərəli platforma rolunu oynayır

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə sentyabrın 24-26-da “Bakı Ekspo Mərkəzi”ndə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirildi. Sərgilərdə 40 ölkədən 270 şirkət iştirak etdi. İştirakçılar arasında ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna kimi ölkələrin olması sərgiyə böyük marağın göstəricisidir.

Ümumiyyətlə, sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyəti və 200-dən artıq qonaq qatıldı ki, bu da ADEX-in hərbi sənaye sahəsində mühüm platformalardan biri olduğunu nümayiş etdirir. Bu il Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq sərgidə öz stendi ilə iştirak etdi.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev yeni texnologiyaların müdafiə sənayesinə tətbiqinin səmərəsindən danışıb və ADEX-in təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, pilotsuz sistemlərin, hərbi nəqliyyat vasitələrinin, hərbi mühəndislik sistemlərinin, hərbi aviasiya ləvazimatlarının, hərbi ali təhsil müəssisələrinin, laboratoriyalarının stendlərinin, optik-elektron cihazların, kimyəvi və bioloji silahlardan müdafiə sistemlərinin, gecə görmə cihazlarının, hərbi geyimlərin, müxtəlif silah və sursatların sərgiləndiyi ADEX-də ilk dəfə olaraq kibertəhlükəsizliklə bağlı stend yaradılmışdı və yeni texnologiyalara əsaslanan məhsullar, proqramlar nümayiş olundu. Azərbaycanın hərb tarixi muzeyinin “Zəfərimiz anbaan” maket-stendi iştirakçıların xüsusi marağına səbəb oldu.

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub, ölkəmizin “Azərsilah”, Türkiyənin “Roketsan”, Belorusun “Belspetsvneştexnika”, Serbiyanın “Yugoimport-SDPR” şirkətlərinin istehsal etdiyi məhsullarla baxıb.

“ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər də baş tutub. Belə ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, İsrailin Müdafiə Nazirliyinin SİBAT təşkilatının Baş direktorunun müavini xanım Şahar Horev Rahela və Regional direktoru xanım Yana Şerman, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin aparatının rəhbəri Rizvan Pirkilibesku, Pakistanın müdafiə istehsalatı nazirinin müavini Muhammad Çiraq Hayderin və Serbiyanın müdafiə nazirinin köməkçisi Nenad Miloradoviçin başçılıq etdiyi nümayəndə heyətləri, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitriy Şuqayev, “Rosoboroneksport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, həmçinin Çinin CPM İEC şirkətinin rəhbər şəxsləri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb, beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs olunub.

“ADEX”-lə paralel təşkil edilən “Securex Caspian” sərgisində isə hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş olunub.

Bu sərgiyə Azərbaycanın Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətləri və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilib. 2024-cü ildə ilk dəfə olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edib.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Həmin gün müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyənin "Makine ve Kimya Endüstrisi" və Qətərin "Barzan Holdings" şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.

Sərginin sonuncu günü-sentyabrın 26-da bir sıra görüşlər keçirilib və sənədlər imzalanıb. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə fəaliyyətlərinin koordinasiyasının təşkili məqsədi daşıyır.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgilər çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparıb. Sonda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu ilə Belarusun Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb.

Sərgiləri çərçivəsində Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb. Sənədlərdə MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutulub.

Qeyd edək ki, 2024-cü ildə ADEX və “Securex Caspian” sərgilərinin miqyası əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Artırılmış sərgi sahəsi Bakı Ekspo Mərkəzinin bütün ərazisini - yeni 4-cü pavilyonu və açıq sahəni əhatə edib.

Sərgidə ilk dəfə Müdafiə Nazirliyinin stendində müasir silah sistemləri və xüsusi təyinatlı qüvvələrin təchizatı, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri haqqında ətraflı məlumat təqdim edilib. Budəfəki ADEX-də 2024-cü ildə istehsal olunan yerli ITX-15 M və ITX-20 H zirehli transportyorları sərgi iştirakçılarının diqqətini çəkib.

Bu sərgidə ilk dəfə azərbaycanlı mühəndislər tərəfindən istehsal olunan "Turan-1" silahı, “KALAN” suüstü dronu və AH 12,7 millimetrlik ağır pulemyot ilk dəfə təqdim edildi.

Bundan əlavə, Türkiyənin “ADEX-2024” və “Securex Caspian” sərgilərində 50 müdafiə sənayesi şirkəti ilə təmsil olunuması də qardaş ölkənin hərbi-sənaye potensialının daha bir beynəlxalq nümayişi oldu.

ADEX çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Caksılıkov ilə görüşdü. Görüşün nəticəsi olaraq 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və müdafiə universitetləri arasında memorandum imzalandı.

Zakir Həsənovun italiyalı həmkarı Qvido Krozett ilə görüşündə isə Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə olundu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bir sözlə, bu sərgilər müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Onlar, eyni zamanda, yeni ticarət əlaqələrinin qurulmasına və genişlənməsinə şərait yaratdı.

Qeyd edək ki, nüfuzlu beynəlxalq toplantıların, müdafiə və təhlükəsizlik üzrə sərgilərin, eləcə də digər tədbirlərin Azərbaycanda keçirilməsi dövlətimizə olan etibarın və etimadın, ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, müdafiə qüdrətimizin daha da artırılması, təhlükəsizliyimizin təmin olunması məsələlərinə müsbət töhfələr verir.

Xatırladaq ki, ilk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib.

Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.

AZƏRTAC