Advertisment

Yaradıcılığım haqqında qısa məlumat və aforizmlərimdən seçmələr

Mən Aytəkin Mehman qızı Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Əslən Şuşadan olan Mehman adlı ziyalı bir şəxsin övladıyam. Uşaq ikən evimizin qonaqları şairlər, yazarlar, rəssamlar, elm və incəsənət xadimləri, bir sözlə ziyalılar olmuşlar. Belə ziyalıları evimizdə tez-tez görmək, onların arasında böyümək məndə şeirə, ədəbiyyata uşaq yaşlarımdan xüsusi bir maraq oyatdı ki, bu da məni məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə apardı. Orada mən Əliyar Qarabağlı, Yusif Seyidov, Nizami Cəfərov, Şamil Qurbanov, Ağa Laçınlı kimi gözəl, savadlı müəlimlərdən dərs almışam. Bu gün mən nəsihət, məsnəvi, rübai, sərbəst şeirlər və aforizmlər yazıram. "Qaranlıq gecənin bir sabahı var", "Seçilmiş şeirlərim", "Şairlik zirvəsi" adlı kitabların müəllifiyəm.

Bütün şeirlərimi, aforizmlərimi yazarkən xalqımızın, elimizin milli və mənəvi dəyərlərini, ənənələrini, maraqlarını düşünərək, onları hər şeirimdə nəzərə alaraq, əsas tutaraq, onları qoruyaraq yazmışam. Buna sübut olaraq “İsmət”, “Oğul çörəyi” və bir çox başqa şeirlərimi misal çəkmək olar. “Nəsihət yazma, bu gün buna ehtiyac yoxdur”-, deyərək şeirlərimə arxaik şeirlər kimi baxanlara, yanaşanlara isə bədahətən şeirlə cavab verərək onlara sübut etmişəm ki, nəsihət dünya durduqca, nəsillərdən nəsillərə ötürüləcək bir şeir növüdür. Və mən əminəm ki,  bu gün buna dünənkindən daha böyük ehtiyac var.  Zəmanəmizdə nəsihət yazmaq əgər mənə qismət olmuşdursa, mən özümü bu gün xoşbəxt sana bilərəm. Gəlin etiraf edək ki, nəsihət yazmağı hər şair bacarmaz. Buna misal olaraq “Ağıl”, “Zəhmət”, “Məqsəd”, “Bəlkə xeyir bundadır” adlı şeirlərimi misal çəkə bilərəm.

Məsələn:

-Ağıllı insanlar yaşamaz rahat,

Onlarçün çətindir həmişə həyat.

Ağıllı başlar üçün narahat həyat,

Ağılsız başlara baş əyir heyhat...

***

-Ağıldır insanın şöhrəti, şanı,

Ağılsız qoymasın Tanrı insanı.

Ağıl naxış ilə əlbir olanda,

İnsan xoşbəxt olar doğurdan onda...

***

-Həyat özü elə böyük məktəbdir,

Ən gözəl dərsləri o keçəcəkdir...

Həyatdan dərs alan kamil bir insan,

Çox bilər adi bir təhsil alandan...

 

Əgər bu gün mən, öz oxucularımı nəsihətli şeirlərimlə səbirli olmağa, qarşılarına məqsəd qoymağa, uşaqlıqdan zəhmətə alışmağa, vicdanlı olmağa, yalan danışmamağa və sairə  bu kimi gözəl işlərə çağıra bilirəmsə, demək ki, Azərbaycan ədəbiyyatında mənim də deyəcək sözlərim vardır. Və bu gün mən qürurla oxucularıma şeirlərimi, aforizmlərimi, kitablar, qəzetlər, jurnallar, sosial şəbəkələr və böyük ekran vasitəsi ilə çatdırıram.

-Haqq səsidir səsim göylərdə mənim,

Haqdan güclü silah heç vaxt görmədim.

Haqlı olmuşsa da insan əzəldən,

Haqq onu qoruyar zalım bəndədən...

 

Aforizmlərimə gəldikdə isə, tam məsuliyyəti ilə deyə bilərəm ki, hal-hazırda ölkəmizdə aforizmlər yazan şairlərimizin sayı barmaqla sayılacaq qədər azdır. Yazdığım aforizmlər düşündürücüdür, onların arxasında fəlsəfə dayanır. Məsələn:

         

-Nankora bal belə yedirtsən də bil,

Sənə “sağ ol” sözün söyləyən deyil...

***

-Nə xəsis, nə paxıl, nə də namərddən,

Sənə dost olmayar bilki əzəldən...

***

-Namərdin and yeri olsa da Allah,

Namərdin vədinə inanma heç vaxt!

***

-İnsanın gözündən düşməsin biri,

Ölü sayılarmış o, diri-diri.

***

-Yalnız ağlı ilə ucalar insan,

Ağıl hədiyyədir uca Allahdan...

***

-Bir kəsi ucaltmaq istəsə Allah,

Onu yıxa bilməz ən qüdrətli Şah...

***

-Namərd istəsə də köməklik etsin,

Namərdlik qoymayar o kömək etsin.

***

-Parıltı versədə gümüş də, mis də,

Qızıl ola bilməz onlar yenə  də.

***

-İnsan xoşbəxtliyin nankoru olur,

Səadət gələndə gözü kor olur...

***

-Üzülmə heç nəyə, səbr et hər zaman,

Səbrlə çatarmış arzuya insan...

***

-Bahalı incilər xəzinələr tək,

Suyun üzərində üzməsin gərək...

***

-Zərin qədirini zərgərlər bilər,

Zərgərlər verərlər qızıla dəyər...

***

Xəyanət etmişsə dost dediyin kəs,

Dostluq etmə onla, əlaqəni kəs...

***

-Şahlıq kürsüsünə çıxan Peyğəmbər,

Zülümlər çəkmişdir şahlığa qədər... (Yusif Peyğəmbər)

***

-Mərdi qova-qova namərd etdilər,

Namərdin adını mərdə verdilər...

***

-Dilini öyrətmə, gəl sən yalana,

Yalan yaraşmayır təmiz insana.

***

-Bənzətmək istəsə də qarğa özün kəkliyə,

Kəklik tək gəzə bilməz, qarğa doğulub deyə.

***

-Təhlükəli insandır sonradan görən adam,

Sonradan görməmişəm, buna görə çox şadam...

***

-Hər sözüm xalq üçün incidir, inci,

Mənim sevincimdir elin sevinci...

***

-Dünyada nə varsa, burda qalacaq,

Yaxşılıq gedəcək bizimlə ancaq...

 

***

-Səhvsiz və günhasız bir varlıq vardır,

Onun adı isə Uca Allahdır!

***

-Elm almaq çətinsə sənə əzəldən,

Əlini sənətə öyrətməlisən...

***

-İnsan xoşbəxtliyin nankoru olur,

Səadət gələndə, gözü kor olur...

***

-Parıltı versədə gümüş də, mis də,

Qızıl ola bilməz onlar yenədə...

***

-Paxıldan istəsən tullantını da,

Atar, sənə verməz, hətta onu da...

***

-Üzülmə heçnəyə, səbr et hər zaman,

 Səbrlə çatarmış arzuya insan...

***

-Yaxşılıq ölməyib, o hələ sağdır,

Dünya durduqca da var olacaqdır...

Bakı şəhəri