Advertisment

Miqrasiya Xidməti COP29-la bağlı görülən işləri açıqlayıb

Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb.

Herbiand.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb.

Ülvi Əliyev onu da əlavə edib ki, güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız qaydada gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat və maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb.

Ülvi Əliyev bildirib ki, COP29 tədbiri zamanı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi mövzusuna həsr olunmuş (18 noyabr) yüksək səviyyəli panel müzakirənin keçirilməsi planlaşdırılmışdır.