Səudiyyə Ərəbistanı və İspaniya üç əlavə “Sarawat” sinifli çoxfunksiyalı korvetin inşası ilə bağlı razılaşmanı rəsmiləşdirib.
Herbiand.az-ın “Nay Recognition”a istinadən məlumatına görə, sazişi Madriddə Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Qaribi və İspaniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Antonio Pinero Sançes imzalayıb.
Xatırladaq ki, Navantia ilə Səudiyyə Ərəbistanına ilk beş korvetin tədarükü ilə bağlı danışıqlar hələ 2015-ci ildə başlayıb. Tərəflər 2018-ci ilin iyulunda sövdələşməyə imza atıblar, onun məbləği 1,8 milyard avro təşkil edib.
İlk üç korvet tamamilə İspaniyada hazırlanıb. Onlar 2022-ci ilin aprel ayından dekabr ayına kimi istismara verilib. Dördüncü korvet 2021-ci ilin iyulunda San Fernandodakı Navantia tərsanəsində suya buraxılıb.
2024-cü ilin sonuna kimi analoji dizaynla inşa edilmiş beşinci korvetin istifadəyə verilməsi planlaşdırılır.
“Sarawat” sinifli korvetlərin uzunluğu 104 metr, eni 14 metrdir və ümumi yerdəyişmə qabiliyyəti 2500 tondur. Gəmilər 25 düyünə qədər sürətə çatır. Korvetlər 76 mm və 35 mm-lik top qurğuları, gəmi əleyhinə “Harpun” raketləri, ESSM zenit raketləri (sursat – 32 ədəd), 324 mm-lik torpedo boruları, 12,7 mm-lik pulemyotlarla silahlanıb. Göyərtəsində çəkisi 10 tona qədər olan helikopter də aparıla bilər.
Bəxtiyar CƏFƏRLİ