Advertisment

Azərbaycanın möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayan PARTİYA

Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyətilə ictimaiyyətin böyük dəstəyini qazanıb. YAP-ın fəaliyyətində əsas yerlərdən biri gənclərə olan diqqət və qayğıdır. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən YAP daim gənclərdə milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Mənim Yeni Azərbaycan Partiyası ilə tanışlığım da universitetə daxil olduğum vaxtlara təsadüf edir. Hal-hazırda partiya daxilində Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının həyata keçirdiyi “Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin üzvüyəm. Biz burada Heydər Əliyevin respublikanın müstəqilliyi uğrunda apardığı mübarizəni, onun inkişaf edərək güclü dövlətə çevrilməsi yolunda atdığı addımları öyrənirik.

Müdrik dövlət xadiminin respublika tarixində gördüyü işlər, əvəzsiz rolu Onu xalqın ümummilli liderinə çevirmişdir. Ulu Öndərin hər zaman ən önəm verdiyi məsələlərdən biri biz gənclər idi. YAP hər zaman öz fəaliyyətində bu siyasəti əsas tutaraq gənclərin inkişafında bir sıra uğurlu layihələr həyata keçirib, onların dövlətimizin güclənməsi, qüdrətlənməsi yolundakı işlərini dəstəkləyib. Mən bu imkandan yararlana bilən gənclərdən olduğum üçün özümü qürurlu hiss edirəm.

Tarixi təcrübə göstərir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə bir tarixi zərurətin nəticəsi idi.

Məlum olduğu kimi 1991-ci ildə müstəqilliyimiz elan olunduqdan sonra vətənimiz ciddi problemlə üzləşdi. Ölkənin sosial-iqtisadi və siyasi sabitliyi hələ təmin olunmamışdı. Xarici təhdidlər, daxili çəkişmələr və iqtisadi tənəzzül vəziyyəti daha da çətinləşdirirdi. Eyni zamanda Ermənistanla gedən müharibə nəticəsində torpaqlarımızın işğal olunması vəəziyyəti daha çıxılmaz hala salmışdı. Bütün bu çətinliklər qarşısında xalq güclü, təcrübəli, vətənpərvər və məqsədyönlü bir liderə ehtiyac duyurdu. Xalqın bu ağır günündə çətin vəzifəni üstlənən Heydər Əliyev oldu.

Məhz belə bir cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ziyalıların müraciətinə cavabında isə Ulu Öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci ildə Bakıda Yeni Azərbaycan partiyasının əsası qoyuldu. Partiyanın yaradılmasında ölkənin müxtəlif bölgələrindən olan 91 ziyalı və siyasətçi iştirak etdi. Heydər Əliyevin təcrübəsi və inkişaf strategiyası partiyanın əsasını təşkil edirdi. Xalqın Ümummilli Liderə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyətini öz üzərinə götürməsinə imkan verdi. Müdrik dövlət xadiminin nüfuzu, xalqımızın Ulu Öndərə göstərdiyi etimad YAP-ın tez bir zamanda təşkilatlanmasına, bütün bölgələrdə özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə böyük şərait yaratdı.

Partiyanın idealoji bazasını xalqın maraqlarına və milli birliyə xidmət edən dəyərlər təşkil edirdi. Heydər Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın siyasi müstəqilliyinin möhkəmləndirilməsinə xüsusi önəm verdi. Azərbaycanın ərazi bütövlüyü  və suverenliyi prioritet hesab edildi. Partiya sosial və siyasi sabitliyin təmin olunması üçün daxili birliyi möhkəmləndirdi. Fərqli idealoji və sosial təbəqələr arasında razılıq əldə olundu. Çünki daxili sabitlik olmadan ölkənin inkişafı  mümkün deyil. YAP iqtisadi müstəqilliyi təmin etmək və əhalinin sosial rifahını yüksəltmək məqsədilə iqtisadi islahatlar həyata keçirdi. Neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi yolunda mühüm addımlar atıldı. Partiya həmçinin, demokratik islahatlar apararaq hüquqi dövlət quruculuğuna dəstək verdi. Hüquq sisteminin möhkəmləndirilməsi, vətəndaş hüquqlarının təmin olunması və ədalətli mühitin əldə olunması  istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Eyni zamanda  YAP Azərbaycan xalqının rifahını artırmaq, həyat şəraitini yaxşılaşdırmaq və sosial bərabərliyi təmin etmək məqsədilə sosial proqramlar həyata keçirməyə başladı.

Müdrik dövlət xadimi Heydər Əliyevin milli birlik və vətənpərvərlik ruhunun möhkəmləndirməsi nəticəsində xalq arasında güclü birlik və həmrəylik yarandı.

Tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra YAP-ın inkişafında mühüm bir bir səhifə açılıb. Burada dayanan ən mühüm amil isə Ümummilli Liderin rəhbərliyilə aparılan gəncləşdirmə siyasəti idi. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olan İlham Əliyevin təmsilçiliyi bu mənada ən vacib məqamlardandır.

2003-cü ildə Heydər Əliyevin tövsiyəsi ilə İlham Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının YAP-ın siyasətinə olan etibarını və dəstəyini bir daha nümayiş etdirdi. İlham Əliyev Ulu Öndərin qoyduğu prinsiplərə sadiq qalaraq, ölkənin inkişafı üçün böyük əzmkarlıqla çalışdı. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkədə müasir dövlət quruculuğu və inkişaf siyasətini həyata keçirməyə başladı. İlham Əliyevin liderliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın siyasi və iqtisadi sabitliyini möhkəmləndirdi və ölkədə yeni bir inkişaf mərhələsi başladı. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə öz mövqeyini gücləndirdi. Prezident İlham Əliyevin uğurlu strateji kursu nəticəsində Azərbaycan dünyanın ən güclü ölkələri sırasında yer alıb.

Qüdrətli lider İlham Əliyev insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, milli maraqlarını, dövlətin ərazi bütövlüyünü, suverenliyini qorumaq kimi şərəfli missiyanı həyata keçirməyə müvəffəq oldu. Bu yolda böyük şəxsiyyət məhz Azərbaycan gəncliyinə güvənərək onların qarşısında önəmli vəzifə qoydu. Hər bir gənc fəaliyyətində ona göstərilə etimadı layiqincə doğrultmağı özünün başlıca məsuliyyəti olduğunu dərk edib üzərində olan öhdəlikləri yerinə yetirməkdə qərarlı olduğunu nümyiş etdirdi. Və bu məsuliyyətin öhdəsindən layiqincə gəlməyi bacardı. Azərbaycan bunu 44 günlük Vətən Müharibəsində görmüş oldu. Azərbaycan Qarabağda tarixi zəfər qazandı və işğal altında olan ərazilər azad edildi. Bu qələbə Azərbaycan xalqının milli birliyini gücləndirdi və ölkənin ərazi bütövlüyünü təmin etdi. Müharibə zamanı İlham Əliyevin strateji liderliyi, müzəffər Ordumuzun gücü və xalqın birliyi Azərbaycanın uğur qazanmasını təmin etdi. Cənab Prezidentin həm döyüş meydanında, həm də diplomatik arenada apardığı balanslı siyasət Azərbaycanın mövqeyini möhkəmləndirdi. Qələbə Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Qarabağın azad olunması Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açdı, regionun bərpası və yenidən qurulması üçün geniş miqyaslı layihələrə start verildi.

Vətən müharibəsində qazanılan qələbədən sonra YAP Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə genişmiqyaslı dəstək verdi. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturların bərpası, mədəni və tarixi abidələrin yenidən qurulması istiqamətində böyük layihələr icra olunur. Bu görülən işlər Azərbaycanın güclü dövlətə çevrilməsində mühüm rol oynadı.

Yeni Azərbaycan Partiyasının gələcək hədəfləri ölkənin hərtərəfli inkişafına, xalqın rifahının daha da artırılmasına və Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsinə yönəlib. YAP-ın qarşısına qoyduğu hədəflər müasir çağırışlara uyğunlaşmaq və ölkənin potensialını tam reallaşdırmaq məqsədini daşıyır. Bu planların həyata keçirilməsində biz gənclərin üzərinə böyük iş düşür. Bizlər daim inkişaf etməli, Vətən üçün faydalı işlər görməliyik. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu inkişafı uğurla davam etdirməliyik.

İsmayıl QARAYEV

Azərbaycan Dövlət İqtisad Universitetinin

Maliyyə-mühasibat fakultəsinin 3-cü kurs tələbəsi