Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstanda etirazçılarla həmrəylik nümayiş etdirmək məqsədilə istefa verib.
Bu barədə diplomat “X” platformasında paylaşımında bildirib. O, diplomatik xidməti boyunca ölkəsinin Avro-Atlantik inteqrasiyasında, müttəfiq ölkələrlə, xüsusilə də ABŞ ilə strateji tərəfdaşlığın yaradılmasında aktiv iştirak etdiyini qeyd edib.
“Bizim yorulmaq bilmədən göstərdiyimiz səylərimiz heç bir halda baltalanmamalıdır. Dinc etirazçıların azad iradəsinə qarşı zorakılığa yox!", - deyə səfir qeyd edib.
Gürcüstanın Koreyadakı səfiri Taraş Papaskua da etirazçılarla həmrəyliyini ifadə edib və hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb.
Qeyd edək ki, Gürcüstan XİN-in 107 əməkdaşı hakim partiyanın sözügedən qərarını qınayan bəyanat imzalayıb.
Hakim “Gürcü Arzusu” 2028-ci ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını dayandırdığını, Aİ-dən heç bir büdcə qrantı almayacağını bəyan edib.