Advertisment

BMT 2025-ci ildə 45 milyard avroluq humanitar yardım istəyir

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ilə qədər 32 ölkə və doqquz qaçqın bölgəsi üzrə 47 milyard dollardan çox (təxminən 45 milyard avro) humanitar yardıma çağırıb.

Bunu Cenevrədə BMT Baş Katibinin Humanitar Məsələlər və Fövqəladə Hallar üzrə Koordinatoru (OCHA) Tom Fletcher çərşənbə günü deyib: "Yanğın içində olan dünyada ən həssas insanlar - uşaqlar, qadınlar, əlillər və yoxsullar - ən yüksək qiyməti ödəyir".

OCHA rəhbərinin sözlərinə görə, bu vəsait ən azı 190 milyon insan üçün ərzaq, dərman və digər zəruri əşyaların alınması və paylanması üçün lazımdır. Ümumilikdə BMT-nin hesablamalarına görə, Qəzza, Sudan və Ukraynadakı müharibələr, eləcə də iqlim dəyişikliyinin təsirləri səbəbindən gələn il dünyada 305 milyon insanın bu və ya digər formada təcili yardıma ehtiyacı olacaq. Beləliklə, "BMT və tərəfdaşlarının humanitar yardımla çata bilməyəcəyi 115 milyon insan var".

Gələn ilə təşvişlə bağxdığını deyən Tom Fletcher məqsədin ehtiyacı olan hər kəsə kömək etmək olduğunu vurğulayıb.

Tom Fletcher "donor yorğunluğu"ndan da bəhs edib. Onun sözlərinə görə, BMT daha əvvəl 2024-cü il üçün 50 milyard dollar yardım istəyib, lakin bu məbləğin yalnız 43 faizi noyabr ayına kimi ayrılıb. "Qlobal humanitar sistem həddən artıq yüklənib, az maliyyələşdirilib və hücuma məruz qalıb".

“Bizə daha çox qlobal həmrəylik lazımdır” deyən BMT rəsmisi 2024-cü ildə ən çox humanitar işçi həlak olduğunu da yada salıb.

Təşkilat bildirib ki, maliyyə çatışmazlığı səbəbindən bu il Suriyaya ərzaq yardımı 80 faiz kəsilib və vəba təhlükəsi olan Yəmənə su və kanalizasiya yardımı əhəmiyyətli dərəcədə azalıb. Çadda ixtisarlar nəticəsində aclıq daha da pisləşib. OCHA rəhbəri onu da vurğulayıb ki, bu ilin ortalarında rekord sayda insan - 123 milyon insan müharibələr və münaqişələr nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan əlavə, hazırda dünyada hər beş uşaqdan biri müharibə zonalarında yaşayır və ya qaçqındır.