2024-cü ilin 11 ayında Türkiyənin müdafiə ixracatı və aerokosmik sənayesi təxminən 5,8 milyard ABŞ dollarına (201,55 milyard TL) çatıb. Bu, indiyə qədər ən yüksək illik satış rəqəmi olub. Rekordun daha da güclənməsi üçün isə hələ bir ay var.
Herbiand.az xəbər verir ki, bu barədə Daily Sabah Türkiyə İxracatçılar Birliyinə istinadən bildirir.
Məlumata görə, yanvar-noyabr aylarında müdafiə sektorunda ixracın həcmi illik müqayisədə 19% artaraq 5,76 milyard ABŞ dolları təşkil edib. Son 12 ayda ixrac əməliyyatları illiklə müqayisədə 18,4% artaraq 6,48 milyard dollara çatıb.
Bundan əvvəl rəsmilər hesab edirdilər ki, xaricə silah və hərbi texnika satışı 2024-cü ilin sonuna qədər 7 milyard dollara yaxınlaşa bilər.
Təkcə noyabr ayında müdafiə və aerokosmik ixracı 637 milyon dollara çatıb ki, bu da bir il əvvəllə müqayisədə 32,3% çoxdur.
Türkiyənin müdafiə və aerokosmik müəssisələri 2024-cü ildə öz məhsullarını 178 ölkəyə satıb.
Bəxtiyar CƏFƏRLİ