Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-nin üzvü Əkrəm İmamoğlu bir neçə ittihamlarla həbs edildi. Həmin gün keçirilən əməliyyatlarda İmamoğlunun müşaviri Murat Ongun və bəzi ilçə bələdiyyə sədrləri də daxil olmaqla ümumilikdə 100-dən artıq şəxs saxlanıldı. CHP liderləri həbs əməliyyatlarını qınayaraq İmamoğluna dəstəklərini ifadə ediblər. İmamoğlu tərəfdarları Ankara və İstanbulda küçələrə çıxaraq çaxnaşmalar yaradıblar.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli Herbiand.az-a bildirib ki, Türkiyə çox güclü dövlətdir və regionda, həmçinin dünyada böyük nüfuzu var: "Türkiyə demokratik-hüquqi dövlətdir. Qardaş ölkənin seçilmiş prezidenti və Böyük Millət Məclisi var. Silahlı Qüvvələri, hüquq-mühafizə orqanları həddindən artıq güclüdür".
E.Həsənli son hadisələrə gəlincə, qeyd edib ki, belə hadisələr Türkiyə dövlətini sarsıda bilməz və ictimai-siyasi sabitliyi poza bilməz:
"Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə regionda və dünyada böyük nüfuza malikdir. Xüsusən, silahlı qüvvələrin güclənməsi, özünün müdafiə sənayesini 20 faizdən 80 faizə qaldırması, dünyadakı proseslərdə böyük söz sahibinə çevrilməsi, iqtisadiyyat və siyasi baxımdan dünyanın ən önəmli ölkələrindən birinə çevrilməsi onu deməyə əsas verir ki, Türkiyə dövləti daha da güclənəcək. Bu cür hadisələr Türkiyəni yolundan döndərə bilməyəcək".
Bəxtiyar CƏFƏRLİ