Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.
Qurumdan Herbiand.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil edilın turnir Vətən müharibəsi şəhidləri - Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunub.
Turnirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Federasiyanın prezidenti Ülvi Quliyev bu yarışın yalnız idman mübarizəsi deyil, həm də şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümü olduğunu bildirib. Şəhid valideynləri övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər.
Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.
Azərbaycan Karate Federasiyası tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində, üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ əldə edəcəklər. Bu mexanizm milli yığmaya obyektiv və şəffaf seçim prosesini təmin edir.
Karate idman növünün inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə Azərbaycan Karate Federasiyası tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub.