Advertisment

Rusiyada müdafiə zavodunun əsas mütəxəssisi hücuma məruz qalıb

Rusiya Federasiyasında çəkiclə silahlanmış naməlum şəxs “Kurqanpribor” müdafiə müəssisəsinin baş direktorunun müavini və baş konstruktoru Andrey Kondratyevə hücum edib.

Herbiand.az bildirir ki, yerli media onun zavodda əsas fiqur olduğunu iddia edib.

Mash Telegram kanalı yazır ki, ən böyük müdafiə müəssisəsi olan “Kurqanpribor” ASC-nin rəhbərlərindən biri Kurqandakı evinin girişində hücuma məruz qalıb: “Naməlum şəxs Andrey Kondratyevin başına çəkiclə bir neçə zərbə vurub. Hər şey dünən şəhərdəki çoxmərtəbəli binaların birində baş verib. Təxminən saat 19:00 radələrində Kondratyev işdən evə qayıdarkən girişə girib və orada bir nəfər ona hücum edib. Hücum edən şəxs onun başına çəkiclə bir neçə zərbə vurduqdan sonra qaçıb. Mühəndis hazırda xəstəxanadadır”, - məlumatda deyilir.

Rusiya mətbuatının məlumatına görə, istintaq hadisəni Kondratyevin peşəkar fəaliyyəti ilə əlaqələndirir. Qeyd olunur ki, o, “Kurqanpribor”da əsas fiqurdur və müəssisənin direktorlar şurasının sədri, senator Sergey Muratovun yetirməsidir.

“Kurqanpribor” Rusiya Federasiyasının Kurqan vilayətinin inzibati mərkəzi olan Kurqan şəhərində yerləşir. Müdafiə sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Rusiyanın Ukraynaya təcavüzü səbəbindən ABŞ, Avropa İttifaqı və digər ölkələrin sanksiyaları altındadır.

Bəxtiyar CƏFƏRLİ