Advertisment

Vaxtı bitən bank kartları necə dəyişdiriləcək? - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu ilin başa çatması ilə əlaqədar sosial ödəniş alan vətəndaşların bank kartlarının vaxtının bitməsi ilə bağlı hansı addım atmalı olduğunu açıqlayıb.

Herbiand.az xəbər verir ki, Fondun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili açıqlamasında bildirib ki, vətəndaşa pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım təyin olunarkən ona bank kartını hansı bankdan alacağı barədə rəsmi bildiriş göndərilir: "Sosial ödəniş təyin olunduqda kart Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq banka ("Kapital Bank”a və ya "Azərbaycan Beynəlxalq Bankı”na) sifariş olunur. Vətəndaş ona göndərilən məlumatda qeyd edlən bank filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kartını əldə edir.

Vətəndaş istər "Azərbaycan Beynəlxalq Bankı”na, istərsə də "Kapital Bank”a məxsus kartını itirdikdə həmin bankın istənilən filialına müraciət edib yeni kart əldə edə bilər”.

R. Mehdili deyib ki, "Kapital Bank” tərəfindən ayın sonunda müddəti bitəcək kartların siyahısı həmin ayın əvvəlində Dövlət Sosial Müdafiə Fonduna göndərilir: "Siyahı Fond tərəfindən təsdiq edildikdən sonra geri göndərilmiş siyahı üzrə kartlar yenilənir. Vətəndaş da şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filialına müraciət etməklə kartını əldə edir. Sosial ödənişlərini Beynəlxalq Bankdan alan vətəndaşlar isə müddəti bitmiş kartını bankın istənilən fililaına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə yenisi ilə əvəzləyə bilər”