NATO-nun 8 üzv ölkəsi Avropada “hərbi mobillik dəhlizləri” yaratmaq barədə razılığa gəlib.
Herbiand.az bildirir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir: “Mərkəzi və Şimali Avropanın bütün regionu ümumi hərbi mobillik qaydaları ilə əhatə olunacaq. Xüsusən, ən vacib amil dövlətlərarası dəhlizlərin olmasıdır”.
Sazişi Belçika, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Slovakiya və Çexiya imzalayıb. Hərbi mobillik qoşunların hərəkəti üçün müəyyən edilmiş tədbirlərə və qaydalara aiddir.
“Hərbi mobillik dəhlizləri” çərçivəsində dövlət sərhədlərini keçmək, qoşun hərəkətlərinin monitorinqi və izlənməsi, məlumat mübadiləsi üçün vahid qaydalar və prosedurlar tətbiq olunacaq. Nəqliyyat infrastrukturunun vəziyyəti və inkişafı da sinxronlaşdırılacaq. Lazımi işlərin və təşkilati fəaliyyətlərin maliyyələşdirilməsi üçün milli mənbələrdən və Aİ vəsaitlərindən istifadə olunacaq.
Bəxtiyar CƏFƏRLİ