İyun ayının 1-də “Vahid Rusiya” partiyasından olan deputat Andrey Qurulevin Telegram kanalında cəbhədəki vəziyyətlə bağlı bir paylaşım yayımlanıb. Deputat orada "mövqe durğunluğu" və Ukrayna Silahlı Qüvvələrinin texnoloji üstünlüyünü, eləcə də Rusiyanın ilhaq etdiyi Krımdakı yanacaq böhranını müzakirə edib.
Herbiand.az xəbər verir ki, bu barədə Meduza nəşri bildirib.
Nəşr qeyd edib ki, digər məsələlərlə yanaşı, paylaşımda Rusiya qüvvələrinin irəliləməsinin "metrlərlə və meşə zolaqları ilə ölçüldüyü", həmçinin 2026-cı ilin payızı üçün "genişmiqyaslı səfərbərliyin" anonsu elan edilib.
Mətndə vurğulanıb ki, "bu məsələ ilə bağlı fundamental qərar artıq verilib". Məqalə "qərar qəbul etmək və onları ciddi şəkildə həyata keçirmək" çağırışı ilə yekunlaşır.
Paylaşımdan qısa müddət sonra Andrey Qurulev Max messencerində Telegram kanalının "oğurlandığını" və "düşmənlərin oradan mesajlar yaydığını" bildirib. Maraqlı məqam budur ki, paylaşım Telegram-dan hələ silinməyib.
RTVI kanalının məlumatına görə, deputatın Telegram kanalı may ayının sonlarında haker hücumuna məruz qalıb. Fırıldaqçılar onun adından mesajlar göndərərək təcili kriptovalyuta transferi tələb ediblər.
Bəxtiyar CƏFƏRLİ