Babək rayonunda Vətən müharibəsi şəhidi gizir Ümid Bahadur oğlu Novruzlunun xatirəsi böyük ehtiramla yad edilib. Mərasim iştirakçıları əvvəlcə qəhrəmanın məzarını ziyarət edərək üzərinə tər qərənfillər düzüb, ruhuna dualar oxuyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın milli qürur mənbəyidir. O qeyd edib ki, Ümid Novruzlunun keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və Vətənə sədaqəti gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Səbinə Abbasova vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətin qəhrəman övladlarına olan yüksək ehtiramının bariz nümunəsidir.
Digər çıxış edənlər – şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Zülfü Rzayevin anası Mehbarə Rzayeva, şəhidin döyüş yoldaşları və hərbçilər çıxış edərək Ümid Novruzlunun timsalında bütün şəhidlərimizin keçdiyi şərəfli ömür və döyüş yolundan, cəbhədə nümayiş etdirdikləri sarsılmaz rəşadətdən qürurla bəhs ediblər. Natiqlər dövlət tərəfindən şəhid ailələrinə bəxş olunan ali diqqətə görə minnətdarlıqlarını ifadə edib, qəhrəmanlarımızın əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar. Mərasimin bədii hissəsində məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib və rəşadətli yolu vəsf edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, gizir Ümid Novruzlu 7 iyun 1992-ci ildə Babək rayonunda doğulub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Vətən sevgisi onu yenidən ordu sıralarına qaytarıb və o, 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətini devam etdirib. Göstərdiyi peşəkarlığa görə 2020-ci ildə "gizir" rütbəsi alan qəhrəmanımız, Vətən müharibəsində Şuşa istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərərək noyabrın 5-də şəhadət zirvəsinə ucalıb. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən şəhidimizdən geriyə iki övladı – oğlu Bahadur və qızı Nilay yadigar qalıb.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi