Hər bir şəhid ömrü Vətən torpağına yazılmış silinməz bir qəhrəmanlıq dastanıdır. Bu dastanın ən parlaq səhifələrindən birini qanı ilə yazan, Kəlbəcər və Murovdağ silsiləsində düşmənə sarsıdıb sarsıdıcı zərbələr endirən baş leytenant Sahil Rasim oğlu Məmmədovun doğum günü anadan olduğu Naxçıvan şəhərinin Qaraçuq kəndində dərin ehtiramla qeyd olunub. İgid zabitimizin əziz xatirəsini yad etmək üçün keçirilən anım tədbirində dövlət qurumlarının rəsmiləri, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşları, polis əməkdaşları, qazilər, şəhid ailələri və kənd ictimaiyyəti iştirak ediblər.
Mərasim iştirakçıları qəhrəmanın məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəsmisi İsmayıl Gülməmmədov, “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov, hərbçilər və qazilər Sahil Məmmədovun şərəfli və örnək xarakterli ömür yolundan bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Sahil kimi oğulların canı və qanı baha başa gələn bu müqəddəs Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub və dövlətimiz hər zaman öz fədakar övladlarının xatirəsini uca tutur. Məktəblilərin ifasında səslənən vətənpərvərlik ruhundakı şeirlər isə tədbirə xüsusi bir duyğusal rəng qatıb.
Sonda şəhidin anası Sahilə xanım Məmmədova çıxış edərək, övladının doğum günündə göstərilən bu yüksək diqqət, ehtiram və qayğıya görə bütün qonaqlara, dövlət qurumlarına və doğmalarına öz ailəsi adından dərin təşəkkürünü bildirib.
Murovdağda Yazılan Qəhrəmanlıq Salnaməsi
Baş leytenant Sahil Məmmədov 1991-ci ilin məhz bu günündə Qaraçuq kəndində dünyaya göz açmışdı. Hələ uşaq yaşlarından qəlbində alovlanan hərb sənəti sevgisi onu addım-addım zirvəyə doğru apardı. O, əvvəlcə Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbin sirlərinə dərindən yiyələndi. Təhsilini uğurla başa vurub leytenant rütbəsi ilə xidmətə başlayan Sahil, nizam-intizamı və peşəkarlığı ilə tez bir zamanda baş leytenant rütbəsinə qədər yüksəldi. O, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif edildi.
2020-ci il sentyabrın 27-də daxil olan döyüş əmri onun ömrünün ən mühüm sınağı və şərəf silsiləsi oldu. Vətən müharibəsinin ilk anlarından ön cəbhəyə atılan cəsur komandir, strateji cəhətdən olduqca mürəkkəb və çətin relyefə malik olan Kəlbəcər və Murovdağ istiqamətlərindəki ən ağır döyüşlərdə şəxsi heyətə böyük rəşadətlə rəhbərlik etdi. Onun rəhbərliyi və göstərdiyi şəxsi şücaət sayəsində düşmənin bir neçə mühüm dayaq məntəqəsi yerlə-yeksan edildi, strateji yüksəkliklər işğaldan azad olundu.
Sentyabrın 28-də Murovdağ silsiləsində qarşı tərəfin genişmiqyaslı əks-hücumunun qarşısını mərdliklə kəsərkən, Sahil Məmmədov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Bu gün ondan geriyə bütöv bir xalqın qürur mənbəyi olan şərəfli bir ad və Vətənə əmanət qalan bir qız övladı yadigar qalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüş tapşırıqlarını şərəflə, qorxmadan yerinə yetirdiyinə görə baş leytenant Sahil Məmmədov, ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra yüksək dövlət təltiflərinə – “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Ruhun şad olsun, cənab Baş leytenant! Zəfərimizin Sahili hər zaman qəlblərdə yaşayacaq!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü