Ruslar ehtimal ki, İkinci Dünya müharibəsindən sonra rəsmi olaraq istismardan çıxarılan PMD-6 piyada əleyhinə minaların istehsalını bərpa edib.
Herbiand.az bildirir ki, Le Parisien qəzetinin Rusiyanın Ukraynaya qarşı müharibəsində silah inkişafını izləyən ixtisaslaşmış mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna qoşunları bu sursatları 2026-cı ilin əvvəllərində Sumı bölgəsində aşkar ediblər.
PMD-6 minalarının bir partiyası cəbhədə ələ keçirilərək təhlil üçün Ukrayna mütəxəssislərinə təhvil verilib. Təhlil göstərib ki, Rusiya sadəcə köhnə sovet ehtiyatlarından istifadə etmir, əksinə, bu minaların modernləşdirilmiş versiyasının yeni istehsalını qurub.
PMD-6 piyada əleyhinə mina 1930-cu illərdə hazırlanıb və İkinci Dünya Müharibəsi zamanı geniş istifadə olunub. 1948-1949-cu illərdə isə istifadədən rəsmi olaraq çıxarılıb.
Klassik versiya taxta korpusa və primitiv dizayna malik idi. Lakin müasir versiyada zavod istehsalı olan plastik korpus var.
Mütəxəssislərin hesablamalarına görə, bu, minanın təsadüfən partlamadan iki kiloqrama qədər torpağa və ya kamuflyaja tab gətirməsinə imkan verir.
Bəxtiyar CƏFƏRLİ