Böyük Britaniyada 11 yaşlı Çarli Orçard-Layl İst-Leyn çimərliyində gəzərkən müasir filin əcdadlarından birinin dişini tapıb.
Herbiand.az bildirir ki, bu barədə SWNS nəşri xəbər verib.
Məlumata görə, oğlan valideynləri ilə birlikdə suyun kənarında gəzirdi. Anası Eleonoranın sözlərinə görə, oğlu bu tapıntıdan əvvəl filləri nə qədər sevdiyini ona demişdi. Birdən Çarli suyun kənarında qeyri-adi daş görüb. "Bunun qeyri-adi bir şey olduğu aydın idi. Toxunduqda fərqli hiss yaranırdı", - Eleonora deyib.
Eleonora "daşın" şəklini London Təbiət Tarixi Muzeyinin paleontoloqu, professor Adrian Listerə göndərib. O, oğlanın Anancus arvernensisin yuxarı sol azı dişini tapdığını bildirib. 1,8 milyon il əvvəl Yer kürəsində yaşayan və çiyin hündürlüyü 2,4 metrdən çox olan bu məməli Afrika savanna filinin nəsli kəsilmiş qohumudur.
Bəxtiyar CƏFƏRLİ