Advertisment

Almaniyanın keçmiş XİN rəhbəri: Aİ beş il əvvəl Rusiya ilə dialoq şansını əldən verib

Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Avropa beş il əvvəl Rusiya ilə danışıqlara başlamaq fürsətini əldən verib. Onun sözlərinə görə, o vaxtkı kansler Angela Merkel bu dialoqu davam etdirməyə səmimiyyətlə çalışıb, lakin onun səyləri qulaqardına vurulub.

Herbiand.az bildirir ki, Ziqmar Qabriel bunu Bild nəşrinə verdiyi müsahibədə danışıb.

"İcazə verin xatırladım ki, Angela Merkelin qatıldığı son Avropa Şurasının iclası 2021-ci ildə baş tutub. Bu, münaqişə başlamazdan əvvəl olub. Sonra Merkel həmkarlarına kiçik bir qrup toplamalı və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmalı olduğumuzu deyib. Açığı, o, haqlı idi", - keçmiş XİN rəhbəri qeyd edib.

O, bildirib ki, bu, avropalıların müstəqil hərəkət etməsi üçün son şans idi, lakin onlar bundan yararlana bilmədilər: “Fürsət əldən verildikdə, Avropa mahiyyət etibarilə prosesdən çəkildi və ABŞ aparıcı rol oynamağa başladı. Mən Angela Merkel və Finlandiya prezidenti Aleksandr Stubbu Ukrayna nizamlanması üzrə Brüssel və Moskva arasında mümkün vasitəçilər kimi görürəm”.

Bəxtiyar CƏFƏRLİ