Əhliman Əmiraslanov: Döyüş meydanında məğlub olması ilə barışa bilməyən Ermənistan dinc əhaliyə hücum edir

Əhliman Əmiraslanov: Döyüş meydanında məğlub olması ilə barışa bilməyən Ermənistan dinc əhaliyə hücum edir

Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir. Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04:00 radələrində Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadın və uşaqlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktıdır.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib: “Humanitar atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi, onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş alçaqlıq və cinayətdir. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Bununla Ermənistanın Moskva razılaşmasının bütün bəndlərini kobud şəkildə pozması bir daha onu sübut etdi ki, işğalçı ölkə son 28 ildə olduğu kimi, yenə də münaqişəni sülh və danışıqlar yolu ilə həllində qətiyyən maraqlı deyil. Digər tərəfdən, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyədək Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.”

Komitə sədri vurğulayıb ki, dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət daşıyan, buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır.

Copy link
Powered by Social Snap