Bu, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında keçirilən ilk birgə təlim kimi tarixə düşdü

Ötən həftə Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi tarixə düşdü. Çünki bu işğaldan azad edilmiş Azərbaycan torpaqlarında keçirilən ilk birgə təlim idi. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi olub. Bu təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla yerinə yetiriblər.”

Bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz  açıqlamasında deyib.

Onun sözlərinə görə, bunu sadəcə bir təlim kimi dəyərləndirmək çox yanlışdır: “Yəni, əvvəla bu təlim iki qardaş dövlətin bütün sahələrdə, o cümlədən hərbi-siyasi sahədə əməkdaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Digər tərəfdən bu təlim BMT tərəfindən tanınan Azərbaycanın ərazilərində Azərbaycan dövlətinin hakim mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, həm də 10 noyabr bəyanatının tələblərini yerinə yetirməmək üçün hiyləgər addımlar atan, zaman qazanmağa çalışan Ermənistana, o cümlədən istər Ermənistan ərazisindən, istərsə də Rusiya sülməramlılarının nəzarətində olan bölgədən Azərbaycana qarşı həyata keçirilən cinayətlərə, terror əməllərinə qarşı Azərbaycan silahlı qüvvələrinin qətiyyətli mübarizə aparmaq əzmini nümayiş etdirir. Bir sözlə, bu, 10 noyabr bəyanatının tələblərini yerinə yetirmək istəməyənlərə, Ermənistana və onun xarici havadarlarına bir xəbərdarlıqdır”./bayraqdar.info/

Copy link
Powered by Social Snap