Minsk qrupu “üçlüy”ünün ikiüzlülüyü

Minsk qrupu “üçlüy”ünün ikiüzlülüyü

DEPUTAT ELŞƏN MUSAYEV: “RUSİYA, FRANSA VƏ ABŞ HAMIDAN ÖNDƏ SƏFƏRDƏ OLMALİ İDİ”

Azərbaycanın ötən ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlatdığı 44 günlük müharibə ölkəmizin şanlı qələbəsi ilə başa çatdı.

Dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etdi. Rəsmi Bakı müharibədən sonra mütəmadi olaraq xarici ölkələrin diplomatik korpuslarının rəhbərlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, əcnəbi jurnalistlərin, ekspertlərin işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edir. Səfər zamanı onlar Ermənistan tərəfinin 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərini yerlə-yeksan etməsini, bütün tarixi, dini, mədəni abidləri tamamilə dağıdıb, təhqir etməsindən şoka düşürlər.

Növbəti belə səfər iyulun 9-10-da Füzuli və Şuşa şəhərlərinə oldu. Diplomatlar, həmçinin, bərpa-quruculuq işlərinin planları ilə də tanış oldular. Səfərdə ümumilikdə diplomatik korpusların 100 nəfərdən çox nümayəndəsi iştirak edirdi. Burada diqqətçəkən və təəssüf doğuran məqam isə üç ölkənin – Rusiya, Fransa, ABŞ səfirlərinin məlum səfərdən imtina etmələri oldu. Bu “üçlük” ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. İllərlə bizi “sülh nağıllarına” inandıraraq, danışıqlar aparıblar.

İndi azad etdiyimiz ərazilərə Ermənistanın işğalında olarkən dəfələrlə səfərlər edib, əyləncə məclislərində iştirak ediblər. Həmçinin, bu üç dövlətin rəsmilərindən, eyni zamanda, Bakıdakı diplomatlarından Minsk qrupunun bundan sonrakı fəaliyyətinin “əhəmiyyəti”, “zəruriliyi” ilə bağlı dəfələrlə bəyanatlar eşitmişik. Baxmayaraq ki, artıq “üçlüy”ün görəcəyi bir iş qalmayıb. Maraqlıdır, niyə həmsədr “üçlüy”ünün səfirləri Şuşaya getməkdən imtina etdi? Şuşa Azərbaycanın beynəlxalq hüquqda tanınmış ərazisidir. Azərbaycanın mədəniyyətinin, musiqisinin beşiyidir. Belə olan halda səfirləri çəkindirən nə oldu?

Mövzu ilə bağlı danışan deputat Elşən Musayev bildirib ki, uzun müddət ATƏT-in Minsk qrupu həmsədrliyini həyata keçirən ölkələrin nümayəndələri – konkret olaraq Rusiya, Fransa və ABŞ hamıdan öndə səfərdə olmalı idilər: “Onlar hamıdan daha çox maraqlı olmalı idilər ki, Azərbaycan həqiqətləri, real və mövcud vəziyyət barədə informasiyalar bütün dünyaya çatdırılsın. Fəqət, onları Şuşada görən olmadı. Yox idilər. Halbuki bir daha təkrar edirəm: həmin dövlətlər çox gözəl bilirdilər ki, məlum səfərin əhəmiyyəti çox böyükdür və onların bu səfərdə iştirak etməmələri, belə bir təşəbbüsə qoşulmamaları ilk öncə özləri tərəfindən öz nüfuzlarına vurulan ciddi zərbə kimi qiymətləndirilməlidir”.

Deputat Naqif Həmzəyev isə düşünür ki, Minsk qrupunun həmsədr ölkələrinin diplomatlarının Şuşaya səfərdən imtina etmələrinin müxtəlif səbəbləri ola bilər: “44 günlük Vətən müharibəsinin gedişində və post-müharibə dövründə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən, hərbi cinayət törədilmiş şəhərlərə səfərləri təşkil edilib. Bu səfərlər diplomatların törədilmiş terror əməllərinin canlı şahidi olması üçün təşkil edilirdi. Etiraf etmək lazımdır ki, bu səfərlərin, həqiqətən də, müsbət rolu oldu və digər dövlətlərdə real fikir formalaşdırdı. Nəticədə, ermənilərin iç üzü müəyyən qədər də ortaya çıxdı. Bildiyimiz kimi, iyulun 9-da diplomatların peşə bayramı günündə ölkəmizdə olan səfirlər Şuşaya səfərə getdilər. Lakin təəssüflər olsun ki, biz bu səfərdə həmsədrlərin nümayəndələrini görə bilmədik. ATƏT-in Minsk qrupu onsuz da uzun illər boyu missiyasını reallaşdıra bilmədi və yaxud da yerinə yetirmək istəmədi. Beləliklə, biz Azərbaycan torpaqlarından işğalçı Ermənistan ordusunun çıxarılmasına sülh yolu ilə nail ola bilmədik. Danışıqlar prosesi çox uzandı və s. Nəticədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu beynəlxalq təşkilatların 28 il ərzində həll edə bilmədiyi problemin öhdəsindən gəldi. Şükürlər olsun ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi. Bu gün dövlət şəhid ailələri və qazilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirir. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu müddət ərzində ya bitərəf mövqe nümayiş etdirir, ya da məsələ ilə bağlı konkret addımlar atmaqdan sanki çəkinirdilər. Səfərdə iştirak etməmək üçün də müxtəlif səbəblər ola bilər. Misal üçün, bu səfirliklərin nümayəndələri guya bitərəf qalmaq üçün və yaxud da erməni diasporunun hikkəsi ilə üzləşməmək üçün Şuşaya səfərdən imtina ediblər”.

N.Həmzəyevin sözlərinə görə, istənilən halda, reallıq və faktdır ki, Azərbaycan Şuşanı azad edib və hazırda Qarabağa qayıdış prosesini təşkil edir: “Prezident İlham Əliyevin nəzarəti altında Qarabağın yenidən qurulması istiqamətində proqramlar həyata keçirilir. Şuşada reallaşdırılan çiçəklənməni görmək istəməyənlər gec, ya tez buna şahid olacaqlar. Nəzərə almaq lazımdır ki, xüsusən Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsindən sonra regionda geostrateji istiqamətdə çox ciddi dəyişikliklər baş verib. Azərbaycan regionda bir güc olaraq qəbul edilir. Biz Şuşa səfərində iştirak edən bütün səfirliklərin rəhbərlərinə dərin təşəkkürümüzü bildirir və ümid edirik ki, səfərdə iştirak etməyən səfirlik nümayəndələri də yaxın gələcəkdə Şuşanı görəcək və sevinəcəklər. Çünki dövlətimiz təkcə Qarabağı azad etmədi, eyni zamanda, regiona sülhü gətirdi və indi də sülhü qorumaq üçün töhfə verməyə davam edir”.

PƏRVANƏ

Copy link
Powered by Social Snap