“Pakistan bayrağının Azərbaycan bayrağı ilə bir dalğalanması…”

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Modern.az saytına müsahibə verib
Herbiand.az həmin müsahibəni tədim edir:

– Cənab səfir, bildiyimiz kimi, artıq Qarabağ münaqişəsi geridə qalıb və regionda yeni reallıqlar, əməkdaşlıq imkanları yaranıb. Bu mənada bizi maraqlandıran məqamlardan biri Pakistanın Ermənistana münasibətidir. Sizin ölkəniz Ermənistanı rəsmən bir dövlət olaraq tanımır. Yeni reallıq fonunda rəsmi İslamabadın İrəvana baxışında dəyişikliklər gözlənilmi? Gözlənilirsə, Pakistan Ermənistanla hansı şərtlər çərçivəsində münasibət qura bilər?

– 44 günlük Vətən Müharibəsində Azərbaycan torpaqlarının azad edilməsindən sonra regiondakı dəyişmiş reallıqları izləyirik. Biz həmçinin, Azərbaycan rəhbərliyinin yeni bir başlanğıc üçün Ermənistanla danışmaq və yaxşı əlaqələr qurmaq istəyini də görürük. Bu, Azərbaycanın dostları üçün müsbət işarədir. Cənubi Qafqazda sülhün bölgə ölkələri ilə əlaqə və əməkdaşlıq üçün yeni imkanlar  açmasına kömək edəcəyi ümid bəsləyirik.

 Pakistan İkinci Qarabağ münaqişəsində Azərbaycana siyasi və mənəvi dəstəyini göstərdi. Həm də sizin rəsmilərin açıqlamaları, xalq olaraq qələbəmizə sevinməyiniz bizi qürurlandırdı və ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı.  Pakistanlılar bizi dünyada dost, qardaş xalq  kimi tanıyırlar. Münasibətlərin belə möhkəmlənməsinin təməlində nələr dayanır. Sizcə, dostluğumuz yalnız eyni din və siyasi baxışlardan qaynaqlanır, yoxsa başqa səbəblər də var?

– Pakistan və Azərbaycan güclü, müstəqil, sülhsevər xalqlar kimi tərəqqi etmək və inkişaf etmək üçün ortaq bir inanc, ümumi arzu ilə bağlıdır. Amma münasibətlərimiz tarixə də dərin kök salıb. Həm Pakistanda, həm də Azərbaycanda olan atalarımız qədim İpək yolu ticarəti zamanı ticarət tərəfdaşları olub. Multani karvansarayının İçərişəhərdə olması tarixi əlaqələrimizin sübutudur. Bundan əlavə,  Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biridir. 1993-94-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Pakistan, Təhlükəsizlik Şurasında BMT-nin Qarabağ məsələsində Azərbaycanın mövqeyi üçün hüquqi baza yaradan məlum qətnamələrin qəbul edilməsində mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra rəhbərliyimiz bir neçə dəfə yüksək səviyyəli səfərlər edib.

 Qeyd etdiyimiz kimi, siyasi münasibətlərimiz yüksək səviyyədə olsa da, iqtisadi təmaslar elə də ürəkaçan deyil. Səbəblər nədir? Ölkələr qarşısında hansı əngəllər var? Bu barədə fikirlərinizi bilməz istərdik…

– İqtisadi əməkdaşlığımızı gücləndirmək, ikitərəfli ticarət və sərmayələri artırmaq rəhbərliyimizin qarşılıqlı istəyidir. Keçən sentyabrda gəldiyimdən bəri iqtisadi əlaqəmizi artırmağa diqqət yetirməyi prioritet halına gətirmişəm. Bir sıra yüksək səviyyəli görüşlər keçirilir və hər iki tərəfin məmurları və iş adamları arasında qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq üçün işləmək istəyi və böyük maraq var. Son vaxtlar iqtisadi əməkdaşlığımızı dərinləşdirmək üçün öz rolunu oynayan Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı da fəaliyyətə başlayıb.

– Pakistan-Azərbaycan dedikdə, hərbi müstəvidə əməkdaşlığı xüsusi qeyd etməliyik. Xüsusilə birgə hərbi təlimlərin keçirilməsi zaman-zaman müzakirə mövzusu olub. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının genişləndirilməsi istiqamətində yeniliklər olacaqmı?

– Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq 2005-ci ildə iki ölkə arasında strateji çərçivə sazişini imzaladıqdan sonra genişlənib. Pakistanın hərbi rəhbərliyi qardaş Azərbaycanın təlim və potensialının gücləndirilməsi sahəsində müdafiə əməkdaşlığının bütün spektrini təklif edib. Pakistanın hərbi sənaye kompleksində hazırlanan avadanlıqları da təklif edib. Ümid edirik ki, önümüzdəki aylarda və illərdə bu əməkdaşlıq daha da güclənəcək.

 Cənab səfir, Pakistanla Azərbaycan arasında rəhbər şəxslər səviyyəsində görüşlər nəzərdə tutulurmu? Eyni zamanda. ölkələrimiz arasında yeni sənədlərin imzalanması planda varmı? Nümunə üçün Türkiyə ilə Azərbaycanın Şuşa Bəyannaməsini göstərə bilərik. Pakistanla Azərbaycan arasında belə bir bəyannamə və ya digər sənədlərin imzalanması mümkündürmü?

– İki ölkənin rəhbərliyi və yüksək vəzifəli şəxsləri arasında müntəzəm mübadilə olub. Bu ilin əvvəlindən etibarən xarici işlər nazirlərimiz və parlament sədrləri bir neçə dəfə görüşüblər. Müdafiə heyəti ilə yüksək səviyyəli mübadilə də edildi. Bu yüksək səviyyəli görüşlər güclü bir tərəfdaşlıq üzərində çalışmağın vacibliyini vurğuladı.  Pakistan Azərbaycanla strateji əməkdaşlıq müqaviləsi imzaladı və ümid edirəm ki, önümüzdəki aylarda və illərdə bu əməkdaşlığın bir neçə müddəası reallığa çevriləcək və münasibətlərimizə yeni həyat qatacaqdır.

 Yaxın gələcəkdə Kəşmir probleminin həlli üçün hansı addımlar atılır?

– Birləşmiş Millətlər Təşkilatının ən köhnə gündəmi olmasına baxmayaraq, Kəşmir mübahisəsinin hələ də həll edilməməsi həqiqətən təəssüfləndirici və utancvericidir. Bu, son yeddi onillikdə narahat edən bir məsələdir. İndi qanunsuz işğal altında olan Cammu və Kəşmir xalqı Hindistan qüvvələrinin ən qəddar basqı, ən qəddar kampaniyası ilə mübarizə aparır. Bu yaxınlarda Pakistan işğal olunmuş Cammu və Kəşmirdə Hindistanın hərbi cinayətlərinə dair təkzibedilməz dəlilləri özündə əks etdirən bir sənədi beynəlxalq ictimaiyyət üçün təqdim edib.

– Azərbaycan sizin üçün nə deməkdir?

– Keçən il Pakistan səfiri vəzifəsini yerinə yetirmək üçün Bakıya gəlməyim mənim ilk təcrübəm idi. Dostlarımın dediyi kimi, şəhəri və Azərbaycan xalqını sevgi dolu gördüm. Bura mənim üçün ikinci bir evə çevrilib. Azərbaycan Pakistan xalqının da qəlbində xüsusi yer tutan bir ölkədir. Qarabağ müharibəsi bu sevgi hissini qarşılıqlı şəkildə gücləndirdi. Müharibə vaxtı müxtəlif binalarda Pakistan bayrağının Azərbaycan bayrağı ilə bir dalğalanması xalqın sevgisinin və hörmətinin göstəricisidir.

Copy link
Powered by Social Snap