“Azərbaycan ermənilərin sərbəst şəkildə bu torpaqlarda yaşamasına hər cür qarant verir” – Aqil Məmmədov

“Azərbaycanın erməni əhalisinin bizim cəmiyyətə inteqrasiyası üçün müəyyən hazırlıq işləri görmək lazımdır. Bu ərazidə yaşayan ermənilər ilk növbədə orada daimi qeydiyyatda olanlar olmalıdır, sonradan ora köçürülənlər yox. Birinci şərt budur”.

Herbiand.az xəbər verir ki, bu sözləri Kəlbəcər rayonundan seçilən Milli Məclisin deputatı Aqil Məmmədov “Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə necə inteqrasiya olunacağı” ilə bağlı verilən suala cavabında bildirib.

Aqil Məmmədovun söylədiyinə görə, ikinci şərt isə odur ki, əgər orada əvvəldən yaşamış ermənilər doğrudan da Azərbaycana müraciət edərlərsə, vətəndaşlığı qəbul edərlərsə, pasportları alıb ciblərində gəzdirərlərsə bu məsələ təbii ki, qaçılmazdır:

“Azərbaycan dövlətində etnik qruplar çoxdur. O cümlədən, əvvəllər də ermənilər yaşayıb. Ermənilər əgər bunu istəyərlərsə Azərbaycan həmişə əl uzatmağa hazır olan, sülh tərəfində olan bir ölkə olub. Bunu da qəbul etməyə hazırıq, amma o şərtlər daxilində ki, dediyim bu şərtləri qəbul etmiş olsunlar. Ondan sonra inteqrasiya məsələsinə baxmaq olar”.

“Erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün erməni dili kurslarının təşkil olunacağı” ilə bağlı veridiyimiz sualla bağlı millət vəkili bildirdi ki, əgər ehtiyac yaranarsa biz erməni dilini bilməliyik:

“Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, Azərbaycanda yaşamağa üstünlük verərsə, təbii ki, məcburən Azərbaycan dilini öyrənməlidirlər. Bu qaçılmazdır. Erməni dilində kursların yaradılması məsələsinə gəldikdə isə elə başa düşürəm ki, hər hansı bir dili öyrənmək heç də pis olmazdı. Ermənilərlə biz qonşuyuqsa, ozü də bu cür xislətdə olan millətlə qonşu yaşayırıqsa onların dilini bilmək bizim üçün vacibdir və onu öyrənmək də pis olmazdı”.

Ötən il Qarabağ 30 illik işğaldan azad edildikdən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yaşayan ermənilər bir neçə dəfə azərbaycanlılarla birlikdə yaşamaq istəmədiklərini bildiriblər. Bu haqda siyasi ekspertdən soruşduqda belə cavab aldıq:

“Biz öz təkliflərimizi vermişik. Azərbaycan dövləti bu barədə fikirlərini artıq dünya ictimaiyyətinə çatdırıb. Onlara da çatdırılıb ki, Azərbaycan onların sərbəst şəkildə bu torpaqlarda yaşamasına hər cür qarant verir. Amma biz onları burada məcbur saxlamaq da fikrində deyilik. Əgər könüllü olaraq burada qalmaq və vətəndaşlığı qəbul etmək istəyirlərsə onda bu məsələlərə baxıla bilər. Amma onların getmək məsələsinə qalanda son vaxtlar Xankəndidə, Ağdərə  ərazisində yaşayan ermənilərin bir çoxu artıq müəyyən bir fikirlər də söyləyirlər və müraciət də ediblər ki, biz artıq bu çətin şəraitdə yaşamaqdan bezmişik. Onları da başa düşmək olar. Onlar da artıq başa düşürlər ki, bu cür yaşamağın sonu yoxdur. Nə vaxta qədər işıqsız, susuz qalmaq olar, qorxa-qorxa yaşamaq olar. 30 ilə yaxın bir müddətdə işğal etdikləri torpaqlardan nə əldə etdilər? Başqa torpağın üzərində zorla gəlib oturmaqla deyil. Onlar da bunu başa düşürlər. Artıq istəyirlər ki, dinc, rahat yaşasınlar. Ona görə də onların bir qismi ola bilsin Azərbaycanda qalmaqdan imtina edə bilər. Hara istəsələr gedə bilərlər. Söhbət burada qalıb yaşamaq istəyənlərdən gedir”.

Aqil Məmmədov vurğulayıb ki, qalıb yaşamaq istəyənlərə dövlətin siyasəti imkan verir ki, onlara hər bir şərait yaradaq. Digər etnik qruplarda olduğu kimi:

“Bilirsiniz ki, bizdə digər millətlərin nümayəndələri də yaşayır, onlara da hər cür şərait yaradılır. Onların şəraitləri Azərbaycan vətəndaşından heç də geri qalmır. Biz də bu münasibətləri bildirməyə hazırıq, əgər qalmaq istəyirlərsə. Qalmaq istəməsələr təbii ki, yolları açıqdır. Harada isəyirlər orada da yaşasınlar.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap