“Azərbaycana qarşı fəaliyyət göstərən İran xalqı deyil, İran hakimiyyətidir” – Ekspert

Son zamanlar Azərbaycanla İran arasında müəyyən gərginlik görünməkdədir. 44 günlük Vətən müharibəsi zamanı qonşu dövlətin öz ərazisindən istifadə etməklə Dağlıq Qarabağa və Ermənistana yük maşınlarından ibarət hərbi texnika və silahlar, həmçinin digər həyatı vacib əhəmiyyətli ləvazimatlar göndərilməsinin də şahidi olduq. Bununla bağlı sosial şəbəkələrdə faktlar da mövcud idi. Həmin ərəfələrdə Azərbaycan tərəfi İrana rəsmi etirazını da bildirmişdi. Lakin İran öz destruktiv mövqeyini davam etdirdi.

Bir neçə gün bundan əvvəl isə İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Bunun Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin keçirilməsi ilə əlaqədar olduğunu da düşünənlər var.

Herbiand.az hərbi təlimlərin və İranla münasibətlərdə yaşanan gərginliyin Azərbaycana nə kimi təsirləri olacağı ilə bağlı Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanın münasibətini öyrənib.

Ümumiyyətlə belə bir gərginlik mövcüddürmu?

Sədrəddin Soltan hesab edir ki, İran Azərbaycanın işğaldan təmizlədiyi ərazidə hər hansı bir 3-cü qüvvənin, 3-cü dövlətin hərbi baza yaratmaq istədiyini düşünür: “İran Azərbaycanla dövlət sərhəddinin möhkəm olduğunu və bu ərazilərə nəzarət etdiyini nümayiş etdirmək üçün müəyyən mənada Azərbaycana və onun Türkiyə və Pakistan kimi müttəfiqlərinə güc nümayiş etdirir. Yəni İranın bu addımı atması təkcə öz maraqlarını deyil, həm də Azərbaycana, Türkiyəyə və Pakistana qarşı olan qüvvələrin maraqlarını ifadə etmək kimi dəyərləndirmək olar. Bilirsiz müharibə zamanı İran Azərbaycanın haqq işinə qarşı olan qüvvələrlə eyni blokdan çıxış edirdi. İran rəsmiləri, o cümlədən o vaxtki prezident Həsən Ruhani səviyyəsində bildirirdilər ki, guya Azərbaycanda hansısa terrorçu təşkilatlar müharibə aparır. İran prezidenti Həsən Ruhani bəyan edirdi ki, onlar Azərbaycan ərazisində hər hansı bir terrorçunun qalması ilə razılaşa bilməyəcəklər”.

Siyasi ekspert deyir ki, İran 44 günlük müharibə dövründə Azərbaycanı şantaj etməklə məşğul idi: “İndi də yenə Azərbaycan öz ərazisini, ərazi bütövlüyünü bərpa etmək, öz hərbi qüdrətini, təhlükəsizliyinin qorunması baxımından gücləndirmək məqsədilə müxtəlif təlimlər keçirdir. Bundan İran narahatdır. Elə bilir ki, bu müharibə, bu təlimlər ona qarşı yönəlib. Amma İran tərəfinə məlum olmalıdır ki, Azərbaycan Respublikası onun düşməni deyil. Birincisi, İranda 35 milyondan çox Azərbaycan türkü var. İkinci bir tərəfdən isə, İran müsəlman ölkəsidir və qonşu dövlətdir. Bu amillər Azərbaycanın İrana düşmən olması fikrini düşünənlərə cavab da ola bilər. Söhbət İran İslam Respublikasının hakimiyyətidir və həm Azərbaycan torpaqlarının işğal altında saxlanılan müddətdə, həm 44 günlük müharibə dövründə, həm də son zamandakı hadisələrdə Azərbaycana qarşı fəaliyyət göstərən İran xalqı deyil, İran hakimiyyətidir. İran tərəfi bu mənasız hərbi təliminə boş yerə pul xərcləyir.

S.Soltan İranla Azərbaycan arasında gərginliyin uzun müddət qalacağına inanmadığını bildirib: “Düzdür Azərbaycanla İran arasında gərginlik var və bu gərginlik tezliklə həll olunmayacaq. Amma bu istənilən ölkələr arasında zaman-zaman baş verən gərginlikdir. Azərbaycanla İran arasında gərginliyin əsasında Azərbaycan insanının milli haqlarının təmin olunmamasıdır. Yəni bu ölkədə Azərbaycan türkünün öz dilində bir siniflik belə məktəbi də yoxdur. Bu məsələnin başqa tərəfidir. Amma siyasi cəhətdən Azərbaycanla İran regionda əməkdaş dövlətdilər və bu əməkdaşlıq inkişaf etməkdədir. İran xarici siyasətində ümumiyyətlə xarici dövlətlərlə münasibətdə həmişə gərginlik yaratmağa çalışır. Bu gərginliyi yaratdıqdan sonra gərginliyi idarə etməyə başlayır. Sonra gərginlik aradan qalxsın deyə müxtəlif danışıqlar aparmaqla bu gərginliyi aradan qaldırırlar ki, gərginlik daha yoxdur. Amma əslində İran tərəfi heç vaxt problemin həlli ilə məşğul olmur. Daha çox o problem ətrafında gərginlik, ajiotaj yaradır, şişirdir sonra ozünü bunun həlli ilə məşğul olurmuş kimi göstərir”.

Ekspert ABŞ-ın Azərbaycana İranla münasibətlərdə hər hansı bir dəstəyini və yardımını absurd məsələ adlandırıb: “ABŞ region dövləti deyil. Azərbaycanla ABŞ arasında güclü əməkdaşlıq var, müəyyən mütəffiqlik var. Amma İranla Azərbaycan arasında elə ciddi qarşıdurma yoxdur ki, hansısa üçüncü dövlət bu məsələyə müdaxilə eləsin. Hesab edirəm ki, Azərbaycanla İran arasında mövcud problemlər həll olunacaq və 2 ölkə əməkdaşlığını davam etdirəcək”.

Sonda S.Soltan Cənubi Qafqaz regionunda yeni şəraitin yarandığını və bu şəraitdən doğan yeni şərtlərin olduğunu bildirib: “Sadəcə olaraq İran tərəfi və eləcə də Ermənistanın havadarları hələ də bu şəraitə, şərtlərə uyğunlaşa bilmirlər. Amma bunlara uyğunlaşdıqdan sonra mövcud problemlər də aradan qaldırılacaq”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap