Putin Ermənistanı tam ram etməyincə nə sərhədlər müəyyənləşəcək, nə dəhliz olacaq, nə də sülh

Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacağı ilə bağlı xəbərlər, ehtimallar, proqnozlar səslənir.
Hələ noyabrın birinci ongünlüyündə keçirilməli olan görüş nəhayyət ki, 26 noyabrda baş tutacaq.
Görüş söhbəti gündəmə gələndən müxtəlif proqnozlar səslənir:
Birincisi – Böyük sülh sazişi
İkincisi – Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı razılaşma
Üçüncüsü – Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma

BÖYÜK SÜLH SAZİŞİ BARƏDƏ DEYİLƏNLƏRİN HEÇ BİR ƏSASI YOXDUR. Bu yanlışın ortaya çıxmasında əsas səbəbi Fransanın Ermənistandakı səfiri Anne Luyonun Azadlıq Radiosunun erməni xidmətinə verdiyi və Azərbaycan mediasının yanlış tərcümə etdiyi müsahibə idi. Sitat: “Fransa Rusiya və ABŞ ilə birlikdə Azərbaycanla Ermənistan arasında uzunmüddətli Dağlıq Qarabağ razılaşmasının hazırlanması üzərində işləyir”. Xanım səfirin bu fikriləri Sülh sazişi üzərinə iş gedir kimi tərcümə olunmuşdu. (Bu yanlışlıq idimi? Bu suala da birmənalı cavab yoxdur.)

SƏRHDLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ O ZAMAN BAŞLAYACAQ Kİ, RUSİYA ÖZÜNƏ LAIZM OLAN SİTUASİYANI YARATSIN. Hələlik isə yaranmış situasiya Rusiyanı tam qane edə bilməz. Son diplomatik hərəkətlilik də göstərdi ki, Rusiya Ermənistandan tam arxayın deyil. Doğrudur Azərbaycan-Ermənistan sərhəddində son eskalasiya zamanı rəsmi Yerevan Rusiyadan kömək istədi. Amma istədiyini tam ala bilmədi. Bunu anlayan Brüssel yaranmış şəraitdən bəhrələnmək, Ermənistanı Rusiyadan qoparmaq üçün dah bir cəhd etdi. Amma görünən budur ki, Ermənistanı Kremlin təsir dairəsindən çıxarmaq elə də asan olmayacaq. Putinin Rusiya diplomatiya idarəsində dediyi sözləri yada salaq. Sitat: “Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr göstərir ki, Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var”. Demək Putin Azərbaycan-Ermənistan sərhəddində də Rusiya Qoşununun dayanmasını istəyir. Və bunun üçün tam təminat almamış sərhədlərin delimitasiya və demarkasiyasının başlanmasını gözləməyə dəyməz.

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI İLƏ BAĞLI RAZILAŞMA SƏNƏDİNİN İMZALANMASI YUXARIDAKILARDAN DAHA REAL GÖRÜNÜR. Çünki hələ ötən il 10 noyabr bəyanatı imzalanan zaman bu məsələyə razılıq verilib. Bununla bağlı üçtərəfli hökumətlərarası işçi qrupun iclasında müzakirələrin aparılması barədə xəbərlər var. Ad üzərrinə manipulyasiyalar isə Ermənistanda hakim isteblişmentin müxalifətin təzyiqindən yayınmaq cəhdidir.
Amma indiki şəraitdə dəhlizin açılması da real deyil. Məsələ ondadır ki, Zəngəzur dəhlizi regionda açılması nəzərdə tutulan komunikasiyaların yanlız bir elementidir. Digər komunikasiyalar arxa plana keçirilərək Zəngəzur dəhlizinin açılması mümkün görünmür. Komunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında birbaşa da olmasa dolayısı ilə əməkdaşlığın başlanması deməkdir. Bir-birinin sərhəddini, ərazi bütövlüyünü tanımayan iki ölkənin əməkdaşlığı isə absurd tamaşa olardı. Əməkdaşlıq üçün ilk növbədə sülh sazişi imzalanmalıdır.
Deyilənlərin yekunu odur ki, sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzir dəhlizi paralel həll olunmalı məsələlərdir.

Bütün bunların fonunda dayanan ən ciddi reallıq isə Rusiyanın marağıdır. Rusiya Qafqazı itirmək istəmir. Rusiya Qafqazdan getmək istəmir. Rusiyanın Qafqazda qalması üçün yeganə bəhanə isə Azərbaycan və Ermənistan arasında yaranmış durumdur. Münaqişəli situasiyanın uzanması Rusiyanın burada mövcudluğunun qarantıdır. Kreml yaranmış durumdan istifadə edərək Ermənistanı tam blokadaya salmaq istəyir. Məhz bundan sonra Azərbaycan üçün konstruktiv hesab olunan addımların atılması mümkün ola bilər. İndiki şəraitdə isə Rusiya üçün bu blokadanın ən vacib elementi Azərbaycan- Ermənistan sərhəddində Rusiya qoşunlarının yerləşdirilməsidir. Və Putin buna çalışır…

Asəf Quliyev

Copy link
Powered by Social Snap